İmişlidə damazlıq quşçuluq fabriki açılıb
28 Oktyabr 2012 Bazar 16:56
Fabrikin açılışında prezident İlham Əliyev iştirak edib.
Bu gün prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində “Araz” damazlıq quşçuluq fabrikinin açılışında iştirak edib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Araz” damazlıq quşçuluq fabriki regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq İmişli rayonun Qaragüvənli kəndində ən müasir standartlar səviyyəsində qurulub. Bildirilib ki, prezidentin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif regionlarında ayrı-ayrı istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Araz” damazlıq quşçuluq fabriki də belə müəssisələrdən biridir.
Fabrikin ümumi dəyəri 7,3 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 5 milyon manat güzəştli kredit verilib. Damazlıq yumurta istehsal edəcək fabrikin ümumi sahəsi 24 hektardır. Müəssisədə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2010-cu ilin sonunda başlanılıb, bu ilin oktyabrında isə işlər tam başa çatdırılıb.
Müəssisə ilə tanışlıq zamanı məlumat verilib ki, fabrikdə hər birinin sahəsi 1728 kvadratmetr olmaqla yeddi quş ferması inşa edilib. Quş fermaları Türkiyənin bu sahədə dünyada məşhur olan “Altuntaş” şirkətinin avadanlığı ilə təchiz edilib. Buradakı damazlıq cücələr isə Hollandiyadan gətirilib. Fabrikdə illik 10 milyon damazlıq yumurta istehsalı nəzərdə tutulur. Müəssisədə istehsal gücü saatda 10 ton olan yem sexi və tutumu 3,5 min ton olan yem anbarı fəaliyyət göstərir. Yem sexində Türkiyənin “Altuntaş” şirkətinin və yerli “Asena” şirkətinin avadanlığı quraşdırılıb. Yem anbarı isə Türkiyənin “OBİ” şirkətinin texnologiyası əsasında qurulub. Fabrikdə laboratoriya, inzibati və digər köməkçi binalar inşa edilib. Layihənin icrası nəticəsində 80 nəfər yeni iş yeri ilə təmin olunub.
Dövlət başçısına məlumat verilib ki, eyni zamanda, İmişli rayonu ərazisində illik istehsal gücü 4 min ton olan broyler fabrikinin və illik 110 milyon əmtəə yumurtası istehsal etmək imkanına malik quşçuluq fabrikinin maliyyələşdirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bu müəssisələr də ən müasir avadanlıqla təchiz ediləcək. Layihələrin icrası nəticəsində 110 yeni iş yeri açılacaq.
DOSTLARINLA PAYLAŞ: