İlqar Mikayıloğlu bacısı və dindarlardan danışdı
16 Fevral 2013 Şənbə 10:55
Günə Baxan proqramının aparıcısı İlqar Mikayıloğlu: Bir zaman Nardaranın İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu, indi nə baş verir?
ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu ANS PRESS-ə verdiyi müsahibəsində son günlərdə sabiq millət vəkili, bacısı Gülər Əhmədova ilə bağlı yaranmış suallara, eyni zamanda yaradıcılıq məsələlərinə toxunub.

-"Günə Baxan" Azərbaycan efirinə yeganə xalq proqramıdır. Bu proqram əyləncə və qayğını maraqlı şəkildə sintez edir. Buna necə nail olursunuz?
- Suala görə təşəkkür edirəm. Əslində cavab elə sualınızın içindədir. Günəbaxan xalq proqramı olduğundan belə bir sintez problem yaratmır. Təsadüfi deyil ki, məhz Azərbaycan ataları “xeyirlə şər qardaşdır” deyib. Ona görə də əylənməyi də, dərd çəkməyi də bacarmaq lazımdır. Mənim üçün əyləncə ilə qayğı arasında sərhəd yoxdur.
Əyləncəli şəkildə qayğı çəkirik. Belə daha asandır. Amansız sifət alıb kiminsə üstünə bağırmağın nə xeyri? Hamımız insanıq, Məmur da, tamaşaçı da... Qayği və əyləncənin sintezi alınırsa, deməli, pis işləmirik. Bu, artıq uğur sayılmalıdır məncə. Amma burada söhbət tək mənim uğurumdan getmir. Yəni verilişin strukturu elə qurulub ki orda uğur da, uğursuzluq da bir nəfərə məxsus olmur, nəticə komanda üzvləri arasında tən bölünür. Bu veriliş üzərində peşəkarlardan ibarət komanda işləyir - Seyfulla Mustafayev, Samirə Səfərəliyeva, Könül Baxşəliyeva, İlhamə Həsənova… Mən hələ texniki heyəti demirəm. Verilişin dediyiniz kimi alınması tək mənim əməyim deyil. Hərəmiz nəsə edirik, necə deyərlər, Günə bir Yerdə Baxırıq. Mən efirdə mövcud qaydalar çərçivəsində davranıram. Bu qaydalar isə ürəyimcə olduğundan belə də dmək olar ki, efirdə ürəyimcə davranıram.

-"Günə Baxan"ın missiyasını bir aparıcı olaraq nədə görürsünüz?
- Missiya o söz deyil. Mən öz işimi yerinə yetirirəm. Kimsə bunda missiya görürsə, bu onun baxışıdır. Mən hər dəfə efirə çıxanda, sadəcə, iş yerimdə işə çıxıram. Buna görə maaş alıram. Dəzgah arxasında çalışan fəhlə keyfiyyətli məhsul buraxmağa necə səylə çalışırsa, mən də eləcə əlimdən gələni edirəm ki, ekran dediyimiz piştaxtaya keyfiyyətli məhsul çıxara bilək. Bizim alıcılarımız tamaşaçılarımızdr. Varını verən utanmaz. Çalışırıq ki utanmayaq.

- Adətən, belə verilişlər tez bağlanır. "Günə Baxan" isə artıq dördüncü ildir ki eyni maraqla baxılır. Həmişə maraqlı olmağın resepti varmı?
- Elə bir xüsusi reseptimiz yoxdu. Güclü komanda var, işini bilən prodüserlər var. Aparıcı yalnız aysberqin görünən üzüdür. Efir boyu mənə kömək edirlər. Durub demərəm ki, başqa aparıcılar kimi paltarıma saç düzümümə xüsusi fikir verirəm ki, zahirimə baxmaqdan doymasınlar. Sadəcə, nə edirəmsə, necə edirəmsə çalışıram ki, içəridən gəlsin - sünilik etməyim. Bəlkə də "Günə Baxan"ın baxımlı olmasınını əsas səbəblərindən biri də budur. Etiraf edək ki, Vahid, Seyfulla, Mir Şahin kimi komandirlərin hərbi hissəsində təlim keçmişəm. Bu daim öz sözünü deyir.

- Bir aparıcı olaraq biz sizi hərbi verilişdən – “Marş”dan tanımışıq. İndi o köhnə aparıcıdan yalnız bir cümlə var - Azərbaycanın şəxsi heyətinə salam! Çətin deyil tankdan topdan mətbəxə keçmək?
- Əvvəla onu deyim ki, “Marş”dan bu verilişdə olan təkcə bu cümlə deyil. Mən özüm də varam... Sualınızın ikinci hissəsinə gəlincə, onu deyim ki, əslinə qalsa top da, tank da, xüsusi təyinatlılıq da mətbəxsiz heç nədir. Rusların gözəl deyimi var: "Война войной, обед по распорядку". Yəni müharibə öz yerində, nahar da öz vaxtında!.. Ona görə də "Гюнябахан Гюнябаханом, МАРШ по распорядку"... Nə olur olsun, hərbi mənimlədi... İstəyir, qonağım adi müğənni olsun, istərsə millət vəkili… Fərq etməz... Qonaq Allah qonağıdır.

- Millət vəkili Gülər Əhmədovanın qardaşı olduğunuz bəllidir... Necə qarşıladınız onun həbs xəbərini və məsələyə münasibətiniz necədi? Sözün düzü, efirə heç nə olmamış kimi çıxmağınız gözlənilməz oldu... Elə bil ki, bu hadisənin İlqara qətiyyən dəxli yoxdur...
- Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma mən ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladini dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarlarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Mən şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın.

- “Günə Baxan”ın mövzularından biri bir qrup dindarı qıcıqlandırıb. Hətta məsələ Qafqaz Müsəlmanları İdarəsinin müzakirəsinə qədər gedib çıxıb. Nə baş vermişdi o verilişdə və indi nə baş verir?
- Əkrəm Əylislinin “Daş Yuxular” romanına həsr olunmuş verilişdə yazıçının guya Nardaran mərasimlərindən birində baş vermiş hadisə barədə qeydlərinə münasibətimi bildirmişdim. Mən yazıçının fikirlərini sərt tənqid etmişdim. Bu verilişdən sonra çoxlu zəng daxil oldu studiyaya və mən fürsətdən istifadə edərək mənə haqqın tərəfini tutduğuma görə təşəkkür edənlərə minnətdarlığımı çatdırıram. Sonrakı verilişlərdən birində isə Səudiyyə Ərəbistanında baş vermiş bir hadisə ilə bağlı hansısa qəzetdən kiçik bir xəbər oxudum və öz üslubuma uyğun olaraq replika verdim. Elə də ciddi bir şey deyildi. Ola bilsin ki, hansısa ifadəni ehtiyatsız işlətmişəm. Əgər bu hansısa dindar qardaş və bacımızı qıcıqlandırıbsa, üzrlü saysınlar. Narazılar arasında nardaranlı dostalarımızın da olduğunu eşitmişəm. Amma adi bir sözü - QMİ-də müzakirə səviyyəsinə qaldıran dindar qardaşlarımızın yadına bir-iki məqamı salmaq istəyirəm. Bir neçə il bundan qabaq Nardaranda vəziyyət gərginləşəndə ora Mir Şahin və Vahidlə birlikdə mən də getmişdim və Allah bilir hansı çətinliklərlə tamaşaçılara hadisə rayonundan dəqiq xəbər çatdırırdıq. O zaman İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu. İndi nə baş verir? Tutaq ki, lap kiçik bir səhv etmişik. Bəs 4 aydır ki, hər cümə axşamı İslam dini barədə danışan mötəbər ilahiyyatçıları dəvət edən, Məhərrəm ayında dindarlarımızı anlayıb musiqidən, əyləncədən tamamilə uzaq olan ANS deyil? O varsa da, bu da var axı…

- Əkrəm Əylislinin “Daş Yuxular” əsəri ətrafında gedən proseslərə münasibətiniz şəxsən necədir"
- Əkrəm Əylislinin "Adamlar və ağaclar"ını oxuyan inana bilməz ki, "Daş yuxular"ı da eyni adam yazıb. Nə deyim vallah!? Allah ona hidayət versin.

- Həftənin beş günü hər dəfə 3 saat efirdəsiniz. “Günə Baxan”ın aparıcılıq yormur sizi. Yorğunluğunuzu necə çıxarırsınız?
- Hələ yorulmaq vaxtı deyil. Uşaqlarım var, onlar üçün nəsə etməliyəm. Nə zaman ki, onlar üçün nəsə edərəm, onda dincələrəm. Ləzzət edən efirdən sonra yorulmuram. Mən hərbçiyəm. Studiya mənim poliqonum. Sevdiyim ərazidə necə yorula..


DOSTLARINLA PAYLAŞ:

oyunlar