Gülər Əhmədovanın evində axtarış aparılıb
20 Fevral 2013 Çərşənbə 17:56
Gülər Əhmədovanın əmlakına həbs qoyulması barədə məlumatlar yalandır.
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi müdafiə etdiyi şəxs barəsində son günlər mətbuatda yayılan məlumatlara münasibət bildirib. E. Qədimi APA-ya açıqlamasında deyib ki, G. Əhmədova saxlanılan andan bu günə kimi özünü təqsirli bilmir: “İstintaq tərəfindən bir neçə dəfə Gülər Əhmədovaya özünü təqsirli bilib-bilməməsi barədə sual verilib. O da bildirib ki, özünü təqsirli saymır”.

E.Qədimi G.Əhmədovanın barəsində həbs-qətimkan tədbirinin seçilməsinin əsassız olduğunu da bildirib: “Bundan əvvəl onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Onun heç bir şərtini Gülər xanım pozmamışdı. Lakin sonradan onun barəsində həbs-qətimkan tədbiri seçildi. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxladı. Lakin buna əsas yox idi. İstintaq tərəfi Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 307-ci (cinayət barədə xəbər verməmə) maddəsi ilə ittiham irəli sürüb. Guya Gülər Əhmədova Sevinc Babayevanı gizlədib, istintaqa xəbər verməli idi ki, Sevinc Babayeva haradadır. Lakin bütün bunlar nağıldır. Cinayət işi təzələnənə kimi Sevinc Babayeva artıq Türkiyədə idi. Lakin istintaq bunu əsas tutaraq ona 307-ci maddə üzrə ittiham verib və həbs-qətimkan tədbiri seçib” .

E. Qədimi G. Əhmədovanın səhhətində problemlərin olduğunu da bildirib: “Onun qanında şəkər var. Ürəyində ağrılar olur. Beyinin bəzi hissələrində quruma gedir. Hazırda istintaq təcridxanasının tibbi sanitar hissəsində saxlanılır. Ona yemək aparanda həyat yoldaşından xahiş edib ki, qəzet gətirin. O, mənə də deyib ki, mətbuatda yazılanları izləmək üçün qəzet istəyir. Onun bizdən başqa kimdənsə qəzet istəməsindən isə xəbərsizəm”.

Vəkil G. Əhmədovanın əmlakına həbs qoyulması barədə mətbuatda yer alan fikirlərə də münasibət bildirib: “İstintaq orqanı tərəfindən Gülər xanımın evində axtarış aparılıb, lakin hər hansı bir maddi sübut aşkarlanmayıb. Lakin onun əmlakına həbs qoyulması barədə yazılan məlumatlar yalandır. Elə bir şey yoxdur. Onu da qeyd edim ki, Gülər Əhmədovanın əmlaklarının olması barədə bəzi mətbuatda yazılan siyahı da yalandır. Gülər Əhmədovanın bir mənzili, bir bağı var. Evi ona sabiq prezident Heydər Əliyev verib. Deputat olmamışdan əvvəl isə bağı alıb. Deputatlıq dövründə o heç bir əmlak almayıb”.

E. Qədimi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru olmuş Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı yaydığı video materialların Azərbaycanda ekspertizadan keçirildiyini, lakin istintaq sirri olduğu üçün həmin məlumatların mətbuata açıqlanmasının düzgün olmadığını da bildirib .

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib. Lakin Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar