Bakıda bağlanacaq yolların siyahısı
26 Fevral 2013 Çərşənbə Axşamı 02:55
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Bu gün Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar paytaxtda keçiriləcək anma tədbirləri ilə bağlı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRES-ə bildirib ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə Xocalı prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Anma mərasiminin səhər saat 8:00-dan başlanmasını nəzərə alaraq tədbir tam başa çatanadək paytaxtın Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət Orucov, Fəzail Bayramov və Sabit Orucov küçələri kəsişməsi ilə Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Sürücülərdən mərasimin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar