Azərsu beynəlxalq mükafata layiq görüldü
16 Noyabr 2012 Cümə 17:22
Londonda Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun beynəlxalq konfransı keçirilib.
Bu ilin 05-09 noyabr tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransı keçirilib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədovun rəhbərliyi ilə Səhmdar Cəmiyyətin mühasib və maliyyə mütəxəssislərindən ibarət nümayəndə heyəti konfransda iştirak edib.

Beynəlxalq mühasibat təşkilatlarının, aparıcı şirkətlərin mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) aktual məsələləri və standartlarda baş vermiş dəyişikliklər, dünyada iqtisadi vəziyyət, investisiya mühiti, maliyyə alətləri və digər mövzularda müzakirələr aparılıb.

İCFM tərəfindən təşkil edilən təntənəli qəbulda müxtəlif nominasiyalarda mükafatlar təqdim olunub. “Azərsu” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi tədbirin ən yüksək mükafatına layiq görülüb. Bu mükafat Beynəlxalq Mühasiblər İnstitutunun prezidenti, kral ailəsinin üzvü Maykl Kent tərəfindən “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini M.Məmmədova təqdim edilib. “Azərsu” ASC-nin Mühasibat uçotunun metodologiyası şöbəsinin rəisi Kəmaləddin Quliyev isə “ən yaxşı təlimçi” nominasiyasında mükafata layiq görülüb.

Səfər çərçivəsində nümayəndə heyəti Böyük Britaniya parlamentində olub, parlament üzvləri ilə görüşlər keçirib. İngiltərə Bankında keçirilən görüşlərdə isə beynəlxalq standartların tətbiqi məsələləri geniş müzakirə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar