Azərbaycanlı rəqqasə Oksana Rəsulova Hindistanda filmdə baş rola çəkiləcək
07 Dekabr 2009 Bazar Ertəsi 16:34
Azərbaycanda hind rəqslərinin ifaçısı Oksana Rəsulova Hindistanda filmə çəkiləcək.
Bununla bağlı APA-ya açıqlama verən rəqqasə qeyd edib ki, bu məqsədlə o, bu ayın 21-də Bollivuda yola düşəcək. O. Rəsulovanın sözlərinə görə, film çəkilişi ilə bağlı o, Hindistan Kinostudiyası “TM Film”lə bir illik müqavilə imzalayıb: “Bu müqavilə əsasında bir il müddətində Hindistanda yaşayacağam. Bir il ərzində isə mənim iştirakımla bir neçə filmin çəkilişi nəzərdə tutulur. İlk filmin çəkilişi mən Hindistana gedən günün səhəri, yəni dekabrın 22-də başlanılacaq. Filmlərdə mən əsasən baş rolları oynayacağam. Bir il müddətində ara-sıra Azərbaycana gəlməyi də düşünürəm”.

O. Rəsulova qeyd edib ki, onun Hindistanda filmə dəvət almasına internetdə keçirilən müsabiqədə iştirakı səbəb olub. Belə ki, Hindistanın sözügedən kinostudiyası film çəkilişlərinə maraqlı aktyor və aktrisalar cəlb etmək üçün internetdə beynəlxalq müsabiqə elan ediblər: “Bu müsabiqəyə iyulda öz şəkillərimi, video-roliklərimi göndərdim. Bu müsabiqəyə dünyanın hər yerindən hind rəqs materialları, fotoları göndərilir. Artıq bu günlərdə mənim səfərim təsdiqləndi”.

O. Rəsulovanın bildirdiyinə görə, onun bu layihəsinin həyata keçməsində Hindistanın Azərbaycandakı səfirliyinin də dəstəyi olub. Rəqqasə Hindistana prodüser Sayqa Cahidlə birgə gedəcək. S. Cahid Hindistanda rəqqasə-aktrisaya menecerlik edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar