Bu gün Azərbaycan teatrının yarandığı gündür. Milli teatr 136 yaşını qeyd edir. Azərbaycan professional teatrının tarixi əsasını Mirzə Fətəli Axundovun 1873-cü ilin martında Bakıda səhnəyə qoyulan «Sərgüzəşti vəziri xani Lənkəran» tamaşasından götürür. Həsən bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin yaxından iştirakı ilə realnı məktəbin şagirdlərinin göstərdiyi ilk həvəskar tamaşa Milli Teatrın yaranması üçün əsaslı təkan olub. Daha sonra 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərilməyə başlayıb. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayıb.1888-ci ildə isə onlar artıq teatr kollektivi kimi fəaliyyət göstərirdilər.
XX əsrin əvvələri də Azərbaycan teatrı üçün böyük hadisələrlə zəngindir. 1908-ci il yanvarın 12-də görkəmli bəstəkar Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası Şərqdə ilk dəfə səhnəyə çıxarılır. İlk tamaşa Hacı Zeynalabdin Tağıyev teatrında- indiki Musiqili Komediya Teatrının səhnəsində gerçəkləşdirilib. O dövrdə qadınların səhnəyə çıxması yasaq olduğundan, ilk Leyliləri, eləcə də digər qadın rollarını kişilər oynamalı olub. 30-cu illərdə Azərbaycan teatrı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər görkəmli dramaturqların simasında inkişafını davam etdirir. Müəyyən tənəzzül dövrlərini də yaşamalı olan milli teatr 1970-ci illərdə yenidən yüksəlişə doğru addımlayır. Bu illərin repertuarında milli əsərlərlə yanaşı, xarici ədəbiyyat nümunələri də uğurla təqdim olunur.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkə mədəniyyətinin əsas tərkibi olan teatrların işinə xüsusi önəm verilib.
Qeyd edək ki, bu gün ölkədə 40-a yaxın teatr fəaliyyət göstərir ki, bunun da 15-dən çoxu paytaxtda yerləşir. /ANS TV/