Türkiyə Radio-Televiziya Qurumu (TRT) Bakı təmsilçiliyi tərəfindən vəfatından sonra Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə haqqında hazırlanan "Türk Dünyasının Bəxtiyar Vahabzadəsi" adlı filmdə şairin TRT-yə verdiyi müsahibələrdən istifadə edilib. Bu barədə filmin rejissoru Raşid Demirdaş ANSPRESS-ə məlumat verib. Onun sözlərinə görə, TRT uzun müddət şairlə bağlı veriliş hazırlamaq istəsə də şairin səhhətindəki problemlər buna imkan verməyib. Filmdə B.Vahabzadənin şair dostlarından Məmməd Aslan, ədəbiyyatçı Azər Turan, Bəxtiyar Vahabzadənin 12 cildlik külliyyatının son cildinin redaktoru Esmira Fuad, şair Sabir Rüstəmxanlı və Yazıçılar Birliyinin sədri Anarın fikirlərinə yer verilib.
R. Demirdaşın sözlərinə görə, Bəxtiyar Vahabzadə TRT-yə verdiyi müsahibələrində uşaqlığından etibarən öz həyatından bəhs edib. "Şair uşaq vaxtı yaşadığı hadisələr, Türkiyə ilə bağlı xatirələri, Türkiyə sevgisi, yəni həyatının bütün dövrlərini əks etdirən xatirələrindən danışıb. Sovet dövründə yaşadıqları, yazdıqları, simvollarla anlatdıqları, sevgiləri və s. Biz Bəxtiyar Vahabzadəni bu yöndən dəyərləndirərək 3 hissəli sənədli film hazırladıq".
Rejissor filmdə Bəxtiyar Vahabzadə ilə bağlı düşündüklərinin bir hissəsini ictimaiyyətə çatdırmağa çalışdıqlarını deyib: “Bəxtiyar Vahabzadə Türk dünyasının hər tərəfində sevilən, Türkiyədə çox-çox sevilən bir şairdir. Bəxtiyar Vahabzadə daha çox şairliyi ilə tanınır. Amma onun başqa tərəfləri də var. Məncə onun teatr yazarlığı da çox əhəmiyyətlidir. B.Vahabzadə professordur. Biz filmdə onun müəllimliyindən də bəhs etmişik”.
Rejissorun sözlərinə görə, Bəxtiyar Vahabzadə sovet dövründə fikir mübarizəsi aparıb. "Onunla bağlı hər kəs bir söz deyə bilər. Küçəyə çıxıb kimə mikrofon uzatsaq, Bəxtiyar Vahabzadə ilə bağlı hər kəsin sözü ola bilər. Gələcəkdə bu formada bir film də hazırlamaq olar. Amma biz indi onun fərqli tərəflərini əks etdirən və onun daha çox dünyaya baxdığı pəncərəni kəşf etməyə çalışan bir film yaratmışıq. Təbii ki, filmin əsas hissəsi onun TRT-yə verdiyi müsahibələrdir. Bəxtiyar Vahabzadə fikir adamı, sevgi adamı, bir mənada ideoloq idi. Türk dünyasında bu gün müstəqil neçə respublika varsa, bunların hamısını bir araya gətirəcək, bir əlaqə yarada biləcək insan idi. Bəxtiyar Vahabzadənin fikirlərindən istifadə edərək bu ölkələr daha bir körpü yaradıblar -Bəxtiyar Vahabzadə körpüsü. Çünki onun bütün Türk dövlətləri ilə əlaqəsi var idi, tanıdıqları vardı, gediş-gəlişi vardı. Bəxtiyar Vahabzadəni itirməklə biz Türk dünyasının böyük bir ədibini, fikir adamını itirdik".
Qeyd edək ki, Türkiyə Radio-Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyi tərəfindən hazırlanmış 3 hissəli sənədli film Bəxtiyar Vahabzadənin həyatı, yaradıcılığı və elmi fəaliyyətinə həsr olunub. Filmin ilk seriyası dünən nümayiş etdirilib. Film daha iki həftə ərzində cümə günləri Bakı vaxtı ilə saat 21.20-də TRT-İNT, 12.30-da və 17.30-da (təkrar) TRT-TÜRK kanalları ilə nümayiş olunacaq.
Xatırladaq ki, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bu il fevralın 13-də 84 yaşında vəfat edib. Şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
Elvin Rəsul/ANSPRESS/