Yasamal rayonunda yeni inşa edilən körpələr evi uşaq bağçası Mehriban Əliyeva tərəfindən açılıb.
Mehriban Əliyeva açılışda
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Yasamal rayonunda yeni inşa edilən körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev birinci xanım Mehriban Əliyevaya körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu məktəbəqədər təhsil müəssisəsində tikinti işlərinə cari il mayın sonlarında başlanılıb. Nəticədə bağçada uşaqlar üçün hər cür şərait yaradılıb.
Diqqətə çatdırıldı ki, üçmərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə 16 müşahidə kamerası qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Bir sözlə, körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.
XXX
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Lent kəsildi
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirdi. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edildi. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparıldı. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırıldı, uşaqların sayı isə 230 nəfər oldu. Müəssisədə balacaların təlim tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.
Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində oldular, həmçinin milli guşəyə baxdılar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənir. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün “Vətənpərvərlik guşəsi” adlı otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompyuter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.
Bildirildi ki, ikinövbəli müəssisədə “planetari” guşəsi də yaradılıb. Burada balacalar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman zalı, mətbəx yerləşir. Həyətdə isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri var.
Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirdi.
Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.