Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən "Muğam aləmi" müsabiqəsinin qalibləri məlum olub. Əsas mükafat olan Qran-prini Təyyar Bayramov alıb. 1-ci yerə Özbəkistandan Yulduz Turbiyev, 2-ci yerə İrandan Məhəmməd Motamidi, 3-cü yerə isə misirli Mustafa Səid layiq görülüb.
Xatırladaq ki, müsabiqənin qalibini müəyyənləşdirən münsiflər heyətinə Azərbaycanın xalq artistləri Siyavuş Kərimi, Ramiz Zöhrabov, Arif Babayevlə yanaşı, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti, niderlandlı Vim Van Zanten, türkiyəli musiqişünas Fikrət Qaraqaya və Beynəlxalq Musiqi Sülh Mükafatı laureatı, almaniyalı Mixael Dreyer də daxildir. İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 20 iştirakçının qatıldığı yarışmada Azərbaycanı beş ifaçı - Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edib.
Qeyd edək ki, müsabiqənin Qran-pri mükafatının sahibinə 20 min avro veriləcək. Eyni zamanda, birinci yerin sahibi 15, ikinci 10, üçüncü isə 5 min avro ilə mükafatlandırılacaq. Xatırladaq ki, muğam sənətinin qorunması və inkişafı naminə təşkil olunan «Muğam Aləmi» adlı festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı, «Azərbaycan mədəniyyət dostları fondu», Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir./ANS TV/