Zaqatala Tarix – Diyarşünaslıq Muzeyində Kosmosu dolaşan musiqi adlı sərgi açılıb
13 Avqust 2012 Bazar Ertəsi 14:39
Zaqatala Tarix – Diyarşünaslıq Muzeyində “Kosmosu dolaşan musiqi” adı altında sərgi açılıb.
Bu barədə APA-ya muzeyin direktoru Cahangir Soltanov məlumat verib. Sərgidə zaqatalalı ustalar tərəfindən yerli materiallardan - ərik, cır xurma, armud, tut ağaclarından, qarğıdan hazırlanmış və sırf əl işləri olan qara zurna, yastı balaban, tütək, tar və sair nəfəsli, simli, zərb musiqi alətləri nümayiş etdirilir. Əl işi olan musiqi alətləri içərisində bölgədə yeganə tar düzəldən usta olan Tələt Qabulovun düzəltdiyi musiqi alətləri xüsusi yer alıb. C. Soltanovun sözlərinə görə, bu mahir tar ustasının öz emalatxanasında xüsusi ağac növlərindən hazırladığı tarlar hələ sovet dövründə bir sıra xarici ölkələrin mütəxəssislərinin diqqətini cəlb edib və xüsusi sifarişlə Qərbi Avropa ölkələrinə və Yaponiyaya göndərilib.

Bundan başqa, sərgidə XX əsrin 60-cı illərində Zaqatala bölgəsində məşhur zurna ifaçılarından olan Suvagil kəndinin sakini Əli Qurbanovun şəxsi zurnası, keçmiş SSRİ-də kosmosun tədqiqatı sahəsində aparıcı alim Cavanşir Atayevin şəxsi tarı və sair musiqi alətləri nümayiş etdirilir. Sərgidə, həmçinin Zaqatala rayonunun Tala kəndinin sakini Zahid Mustafayev tərəfindən ixtira edilmiş və dövlət patenti almış, müəllif tərəfindən “Oğuz” adlanan simli musiqi alətinin orijinalı nümayiş olunur. Bu simli musiqi alətinin özəlliyi ondadır ki, onun vasitəsi ilə nəfəsli, dilli, simli və zərb musiqi alətlərinin səs tembrlərini almaq mümkündür. Mütəxəssislər bu musiqi alətinin indiyə qədər analoqunun olmadığını bildirirlər.

C. Soltanov qeyd edib ki, ekspozisiya zalına qoyulmuş və Zaqatala bölgəsinin musiqi mədəniyyəti ilə bağlı olan, indiyə qədər dövriyyədə olmayan foto sənədlər də olduqca maraq doğurur. Bunlardan rus rəssamının çəkdiyi “Sini içərisində oynanılan Zaqatala ləzginkası” və dünya şöhrətli bəstəkar maestro Niyazinin yaradıcılığının ilk məhsullarından olan “Zaqatala süitası”nın not əlyazmasının foto surəti maestronun imzası ilə nümayiş üçün qoyulub.

C. Soltanov sərginin “Kosmosu dolaşan musiqi” adlandırılmasının da səbəblərini açıqlayıb. Bildirib ki, 1977-ci ildə sentyabrın 5 – də Amerika Birləşmiş Ştatlarının Təyyarəçilik və kosmik məkanın tədqiqatı üzrə milli idarəsi (NASA) Kanaveral Burnundakı kosmodromdan Yer kürəsindən kənarda olması ehtimal edilən sivilizasiyaları aşkar edib onlarla əlaqə yaratmaq üçün fəzaya “Voyadjer -1” adlı kosmik zond buraxıb. Sözü gedən kosmik aparat yerdən hazırda 17 milyard kilometrdən artıq məsafədə yerləşir və Günəş sistemi hüdudlarına doğru hərəkət etməklə uçuşunu hazırda da davam etdirir. Bu kosmik aparatın gövdəsinə qızıl suyuna çəkilmiş və yerdən kənar sivilizasiyaların nümayəndələri üçün nəzərdə tutulmuş disk yerləşdirilib. Diskə dünyanın Mürrey Sidlin, Robert Braun və sair kimi aparıcı musiqi mütəxəssislərinin seçərək NASA –ya təqdim etdikləri Yer kürəsinin müxtəlif xalqlarına məxsus musiqi nümunələri yazılıb. Həmin diskdə Qafqaz xalqlarından yalnız zurnada ifa edilən Azərbaycan melodiyaları və gürcü kişi xorunun ifası yer alıb. Bunun Azərbaycan musiqi mədəniyyətinin qədimliyini, möhtəşəmliyini, ecazkar gücünü göstərən ən parlaq nümunə olduğunu vurğulayan C. Soltanov bu gün Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq miqyasda keçirilən tədbirlərdə öndə getməsinin məhz bu tarixi köklərə malik olması ilə bağlı olduğunu qeyd edib: “Bu səbəbdən də sərgini “Kosmosu dolaşan musiqi”adlandırmışıq”.

Sərgidə “Voyadjer - 1” kosmik zondunun və bu aparatın gövdəsinə yerləşdirilmiş qızıl suyuna çəkilmiş diskin foto surətləri də tamaşaçılara nümayiş etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar