Yuğ Teatrında Vaqif İbrahimoğlu anılıb
18 Oktyabr 2011 Çərşənbə Axşamı 17:56
Bu gün Dövlət Yuğ Teatrında Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, teatrın yaradıcısı və baş rejissoru mərhum Vaqif İbrahimoğlu anım gecəsi keçirilib.
 APA-nın məlumatına görə, anım tədbiri Vaqif İbrahimoğlunun anadan olmasının 62-ci ili və Yuğ Teatrının yaradıldığı gün münasibəti ilə baş tutub. Tədbiri Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov açıb. Teatr rəhbəri bu ilin mayın 12-də ağır xəstəlikdən dünyasını dəyişən Vaqif İbrahimoğlu barəsində danışıb. Mərhum rejissorla dost olduğunu deyən Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla Vaqif İbrahimoğlunun hər bir rejissora, aktyora müəllim olduğunu bildirib: “Vaqif Azərbaycan səhnəsinə yenilik gətirdi. Onun hər bir çıxışı, işi mənəvi bir zövq idi. Vaqif yaşayır, onun ruhu da bu gün Yuğ Teatrındadır”.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Vaqif İbrahimoğlu ilə tələbəlik illərindən yaxın dost olduğunu bildirib. Rejissorla keçirdiyi günləri xatırlayan İ. İsrafilov, Vaqif İbrahimoğlunun ürəyinin Yuğ Teatrı ilə döyündüyünü qeyd edib: “Vaqif üçün Yuğ-dan dəyərli həyatda heç nə yox idi. O həqiqətən də bu teatrda yaşayırdı. Vaqif çox şərəfli bir insan idi. Həqiqətən də əvəzolunmaz, özünəməxsus, dahi idi. Çox təəssüflənirəm ki, gələcək nəsillər Vaqifi canlı görməyəcəklər. Ancaq biz onu təbliğ etməliyik və Azərbaycanın belə bir insanı olduğunu bəyan etməliyik”.
Sənətşünas Məryəm Əlizadə isə deyib ki, V. İbrahimoğlu hətta ömrünün son günlərində yeni tamaşa səhnəyə qoymaq haqqında düşünüb: “Son günə kimi xəstəliyi haqqında danışmadı. Ancaq onu deyirdi ki, beynimdə beş tamaşa var, artıq hər şey hazırdır, qayıdan kimi üç gün evdə istirahət edib bunları hazırlamağa başlayacağam”.
Daha sonra tədbirdə Yuğ Teatrının kollektivinin ifasında Vaqif İbrahimoğluna həsr olunmuş xüsusi nömrələr ifa edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar