Yəqub peyğəmbər
24 Yanvar 2010 Bazar 10:30
Qurani-Kərimdə haqqında söhbət açılan İlahi peyğəmbərlərdən biri də Həzrəti Yəqubdur (ə)
Ya Rəsulum! Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et. («Sad» surəsi, 45-ci ayə)

Peyğəmbər ailəsi

Qurani-Kərimdə haqqında söhbət açılan İlahi peyğəmbərlərdən biri də öz səbir və dəyanəti ilə şöhrət tapan və bununla da Allahın razılığını qazanan Həzrəti Yəqubdur (ə). Burada onun adına on altı yerdə rast gəlmək olur Yəqub Peyğəmbər İbrahim Peyğəmbərin nəvəsi, yəni İshaq Peyğəmbərin oğludur. Qurani-Kərimdə bu haqda buyurulur:

Bundan sonra biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik. («Hud» surəsi, 71-ci ayə).

Anası Lut Peyğəmbərin qızı Rəfaqədir. Ona belə bir ad əkiz qardaşı Eysudan sonra dünyaya gəldiyi üçün verilmişdir. Yəqub Peyğəmbərin başqa bir adı İsraildir.

Sığınacaq sorağında

Təbəri ona belə bir adın verilməsi haqda yazır: Həzrəti Yəqub (ə) qardaşı Eysunun tənə və hədə-qorxularından cana gələrək atasının yanına şikayətə gəlir. Atası qoca və çarəsiz olduğundan, ona heç bir köməklik edə bilməyəcəyini bildirib dayısı Labanın yanında sığınacaq tapmasını məsləhət görür. Beləliklə, Həzrəti Yəqub (ə) qaçaraq dayısının yanına Fəddan Aram şəhərinə gəlir. Gündüzləri dincəlir gecələr yol gedirdi. Qədim ibri dilində İsrail «gecəyə yaxın Allaha tərəf qaçan» mənasını verir. Həzrəti Yəqub (ə) dayısının yanına gəlib onun qızı Ləyya ilə evlənir və ondan 4 oğlu olur, sonra dayısının kiçik qızı ilə də evlənir və ondan iki oğlu (Yusif və Benyamin) dünyaya gəlir. Digər iki xanımından isə altı oğlu dünyaya gəlir. Beləcə on iki oğul sahibi olur.

Peyğəmbərlik

Qurani-Kərimin bir çox ayəsində Həzrəti Yəqubun (ə) müxtəlif fəzilət və üstün xüsusiyyətləri bərədə söz açılır.
(İbrahim müşrikləri) və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik. («Məryəm» surəsi, 49-cu ayə).
Digər peyğəmbərlər kimi, o da öz qövmünü təkallahlığı dəvət edər və onları bütpərəslikdən çəkindirməyə çalışardı. Həzrəti Yəqub (ə) saf və güclü imana sahib olan və Allaha olan sədaqətini öz həyat tərzi ilə sübuta yetirən şəxs idi. «Yusuf» (Yusif) surəsinin 4, 5, 6-cı ayələrindən belə məlum olur ki, Allahın ona bəxş etdiyi mənəvi nemətlərdən biri də yuxuyozma bacarığına malik olması olmuşdur.
Bir zaman Yusif atasına demişdir: «Atacan» Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər».
(Atası Yəqub) dedi: «Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir».
(Yuxuda gördüyün kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir).

İlahi sınaq. Allaha təvəkkül

Həzrəti Yəqub (ə) bitməyən, tükənməyən səbir sahib idi. Bütün vücudu ilə sevdiyi ciyərparəsi Yusifin ölüm xəbərini eşitdiyi zaman səbir və Allaha arxalanmağı hər şeydən üstün tutur. Yusif həsrəti qoca atanı vaxtından tez qocaldır, ağlamaqdan gözlərinin nurunu itirir, amma bir anda olsun gileylənib kimsəyə qəzəblənmir. Hətta oğulları ona: Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək və ya öləcəksən dedikləri zaman («Yusuf» surəsi, 85-ci ayə) belə, onlarla son dərəcə mülayim davranıb buyurur:

«Mən yalnız dərd-sərimi Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi bilirəm)» («Yusuf» surəsi, 86-cı ayə).
Bundan sonra o, oğlanlarına Yusifi axtarmağa getmələrini və Allahdan ümidlərini kəsməmələrini tövsiyə edir. («Yusuf» surəsi, 87-ci ayə).
İlahi qəzavü-qədər xəyanətkar qardaşları Yusifin hüzuruna gətirir, hər şey üzə çıxdıqda Həzrəti Yusif (ə) köynəyini onlara verib atalarına aparmalarını istəyir. Oğlunun ətrini uzaq məsafədən duyan Həzrəti Yəqub (ə) köynəyi iyləyən kimi gözləri açılır və dərhal şükür səcdəsi edir. Sonra deyir: (Sizə demədimmi ki, sizin bilmədikləriniz şeyləri bilirəm).

Oğlanları ondan bağışlanmalarını xahiş etdikdə buyurur: Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir. («Yusuf» surəsi, 98-ci ayə).
Quran ayələrindən belə məlum olur ki, Həzrəti Yəqub (ə) dünyasını dəyişdiyi zaman babası Həzrəti İbrahim (ə) kimi övladlarını başına toplayaraq buyurmuşdur: Məndən sonra nəyə ibadət edəcəksiniz? Oğlanları cavabında demişlər: Sənin Allahına və ataların - İbrahimin, İsmailin Allahı olan tək Allaha təslim olacağıq. («Bəqərə» surəsi,133-cü ayə).

Doğrudan da Allah səbir edənləri sevər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar