Yeni Teatr II Respublika festivalı başlayır
21 İyun 2011 Çərşənbə Axşamı 00:57
Yeni Teatr II Respublika festivalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub.
Mədəniyyət və Turizm Nazirliyi iyunun 21-dən 27-dək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Yeni Teatr” II Respublika festivalı keçirir. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirin təşkilat komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinin üzvlərinin siyahısına nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, teatr sektorunun müdiri Naidə İsmayılzadə, həmin sektorun baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov, Azərbaycan Dövlət Teatr Muzeyi müdirinin müavini Nazim Məmmədov, AzTV-nin əməkdaşı, rejissor Rövnəq Həsənzadə daxildirlər.

Lənkəran şəhərində keçiriləcək festivalın rəsmi qonaqları sırasında Xalq Artisti, Teatr Xadimləri İttifaqının (TXİ) sədri Azər Paşa Nemət, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, Xalq Artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, TXİ-nin katibi, teatrşünas Kəmalə Cəfərzadə var.

Respublika teatr bayramında Azərbaycan Dövlət Rus Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının, Dövlət Musiqili Komediya Teatrının, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şuşa dövlət dram teatrlarının, həmçinin İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Bakı Bələdiyyə Teatrının, Dövlət Pantomim Teatrının və Dövlət Yuğ Teatrının yaradıcı kollektivləri dünya və Azərbaycan klassiklərinin, eləcə də müasir yazıçıların əsərlərini oynayacaqlar.

Festival çərçivəsində Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən Lənkəran Dövlət Dram Teatrında milli teatr sənətimizin yaradıcılıq yoluna həsr olunmuş səyyar fotosərgi nümayiş olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar