Yaşar Nuriyə qaraciyər transplatasiyası edən türkiyəli həkimlər Bakıdadır
09 Noyabr 2010 Çərşənbə Axşamı 11:55
Xalq artisti Yaşar Nurinin səhhətində irəliləyiş var.
Xalq artisti Yaşar Nurinin səhhətində irəliləyiş var. Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev ANS PRESS-ə verdiyi məlumata görə, iki gündür aparılan müalicələr artıq müsbət nəticə verib. Həkim türkiyəli həmkarlarının da Bakıya dəvət edildiyini bildirdi:
"Türkiyəli həmkarlarımız da Yaşar Nurinin səhhətində yaranan problemlərlə bağlı Bakıya gəlib. Onlar 2 il qabaq Türkiyənin Memorial Klinikasında xalq artistinə qaraciyər transplatasiyası edən həkimlərdir. Ola bilsin, məsləhətləşmədən sonra xəstənin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verək".
Qeyd edək ki, Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti noyabrın 6-da axşam saatlarında pisləşib. Aktyorun qonşularının ANS PRES-ə verdiyi məlumata görə, aktyor axşam saat 19:30 radələrində təcili yardım maşını ilə "Medi Club" Tibbi Mərkəzinə aparılıb. Sonradan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Yaşar Nuri hələ də xəstəxananın reanimasiya şöbəsindədir.
Reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyevin xəstənin vəziyyətinin stabil olduğunu, intensiv proseduralar aparıldığından xəstənin yanına heç kimin buraxılmadığını bildirib. Həkimin sözlərinə görə Yaşar Nurinin huşu özündədir və həkimlər onunla normal təmasa girə bilirlər.
Xatırladaq ki, aktyor 2008-ci ilin may ayında Türkiyədə qara ciyərindən əməliyyat olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: