Yaşar Nurinin yanına heç kəs buraxılmır
12 Noyabr 2011 Şənbə 21:44
Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun süni nəfəs aparatına bağlı olduğunu deyir.
Azərbaycanın Xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyəti pisləşib. Aktyor ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun süni nəfəs aparatına bağlı olduğunu deyir.
Onun ANS-ə verdiyi məlumata görə, Yaşar Nurinin yanına heç kim buraxılmır.
R. Nuriyeva aktyorun vəziyyətinin tez-tez dəyişdiyini, bir neçə həftə bundan qabaq onun səhhətinin hətta qənaətbəxş olduğunu deyir. Rəhimə xanımın dediyinə görə, o, Akademik Milli Dram Teatrında onun şərəfinə keçirilən yubileydən sonra gündəlik müayinə olunmaq üçün hospitala gedirdi.
Aktyorun həyat yoldaşı deyir ki, amma bu dəfə vəziyyəti qəflətən pisləşdi: “Səbəblərini mən bilmirəm. Amma mən də daxil olmaqla, onun yanına heç kim buraxılmır”.
Xalq artistinin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovla da əlaqə saxladıq. Amma o, bəzi səbəbləri əsas gətirərək xəstənin səhhəti haqqında hər hansı bir məlumat verməkdən imtina etdi.
Qeyd edək ki, Yaşar Nurinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşmişdi və aktyor bir müddət Dövlət Gömrük Hospitalında müalicə almışdı. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.
DOSTLARINLA PAYLAŞ: