Yaşar Nuri: “Akademik Milli Teatrdakı problem nə qlobal problemdir?!”
30 Yanvar 2010 Şənbə 13:25
Azərbaycanın xalq artisti, Dövlət Akademik Milli Teatrının aktyoru Yaşar Nuri yeni filmə çəkiləcək.
Bu barədə APA-ya məlumat verən aktyor deyib ki, filmin rejissoru Vaqif Mustafayev olacaq.
Aktyor illərdir çalışdığı Milli Teatrdakı narazılıqla bağlı sualı isə belə cavablandırıb: “Şikayətlə bağlı çağırıldıq, söhbət elədik, yuxarı təşkilatlarla danışdıq. Bunu şişirtmək düzgün deyil. Hər kollektivdə narazılıq var. Akademik Milli Teatrdakı narazılıq sağlam narazılıqdır. Narazılığımızı bildiririk, onlar da etiraf edirlər ki, səhvimiz varsa düzəldəcəyik. Bu, nə böyük qlobal problemdir? Teatr teatrdır, bütün dünyada bu sahədə hər zaman mübahisə olub”.
Xalq artisti digər teatrlarda rol oynamasının Akademik Milli Teatrdakı rol qıtlığı ilə əlaqəli olmadığını vurğulayıb: “Mənim digər teatrlarda rol oynamağım Akademik Milli Teatrdakı qıtlıqla bağlı deyil. Həmişə gözləyirlər ki, mən çıxış edim. Sözün düzü, bu ərəfələrdə elə bir əsər olmayıb ki, mən orada çıxış edim. Afaq Məsudun “Yol üstə” əsəri əsasında rejissor Mehriban Ələkbərzadənin quruluşunda böyük bir işə başlamağı düşünürük. Çox fəlsəfi bir pyesdir və çox yaxşı alınacağına inanıram”.
Aktyor Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Məşədi İbad” operettasında rol oynayacağını və yaxın günlərdə həmin tamaşanın məşqlərinə başlanacağını da söyləyib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanacaq tamaşada Yaşar Nuri baş rolda olacaq. APA
DOSTLARINLA PAYLAŞ: