«Yaprak dökümü» serialının Fərhundəsi Deniz Çakır
19 Noyabr 2009 Cümə Axşamı 17:45
«Yaprak dökümü» serialının Fərhundəsi Deniz Çakır: "Sonrakı seriyalarda onun həyata qarşı niyə bu qədər amansız olduğunu anlayacaqsınız"
«Yaprak dökümü» serialında insafsız gəlin obrazını canlandıran Deniz Çakır pis rollardan bezmədiyini, küçədə onu acılayanlara «Fərhundənin həyatını tam bilmirsiniz», - deyə cavab verdiyini bildirib.
Aktyorluğun əsas prinsiplərindən biri də canlandırdığı obrazı haqlı çıxartmaqdır. Bu məsələdə sizin işiniz çox çətindir. Fərhundə pis niyyətli bir xarakterdir.

Ssenaridə daha sonra nələrin olacağını, Fərhundənin niyə o an elə davrandığını bilmədiyim üçün bəzən onu başa düşmək məsələsində çətinlik çəkirəm. Bəzən isə «insan necə bu qədər pis ola bilər»,- deyə düşünürəm. Amma sonrakı seriyalarda sizlər də onun həyata qarşı niyə bu qədər amansız olduğunu anlayacaqsınız.

Küçədə gəzərkən insanlar sizə necə münasibət göstərir?

Küçədə məni görənlər «Bu qədər qəddar olmaq olar? İnsafın olsun» deyirlər. Heç kəs özünü Fərhundənin yerinə qoymur. Pis roldan qorxmuram. Əsas olan o rolun dərinliyidir.

Hansı rolu daha çox oynamaq istərdiniz?

Musiqili bir rol oynamaq istərdim. Rolun böyük və ya kiçikliyi o qədər də vacib deyil. Məktəbdə də, televiziyada da mən hər zaman dominant qadın obrazı canlandırmışam.

Sizcə, buna səbəb nədir?

Bəlkə də üzümdə olan ifadəyə, duruşuma görə hər zaman güclü qadın rollarına uyğun gəlmişəm. Məzuniyyətdə «Ledi Maqbet» əsərində oynadım. Bu zaman da güclü qadın rolunu canlandırdım. Yəqin ki, rejissor və prodüserlər məni hər zaman bu rollara uyğun görürlər.

Teatrı tamaşaçı üçün özəl bir hala gətirən nədir?

Məsələn, bir «Moliere» əsərini oynayıram. Qədim bir əsərdir və onu heç vaxt oxumamış bir tamaşaçı ilk dəfə onu sizin dilinizdən duyur. Əgər tamaşaçı bir az zəkalıdırsa, onda müəyyən hissləri oyandırmaq mümkündür. Teatr televiziyadan fərqli olaraq canlı olduğu üçün, daha fərqli yanaşma tərzi var.

Aktrisa olmasaydınız hansı peşəni seçərdiniz?

Çox istərdim ki, köşə yazarı olum. Çünki köşə yazmağı bacaran insanlara heyranam. Orta məktəbdə belə, ideallarım həmişə jurnalist olub. Məsələn, orta məktəbdə oxuyanda Can Dündara pərəstiş edirdim.

Cihan Ünal ilə haqqınızda sevgi dedi-qoduları dolaşmağa başlamışdı

Çox Çirkin və ədəbsiz dedi-qodu idi.

Deniz Çakır necə bir insandır. Fərhundə ilə ortaq cəhətləri varmı?

Həyatda pis niyyətli və düşüncəli bir insan deyiləm. İşimdə uğurlar əldə etmək üçün gecə-gündüz çalışan bir aktrisayam. Məqsədlərimə çatmaq üçün zəhmət sərf edirəm. Canlandırdığım rolun haqqını vermək üçün əziyyətə qatlanmaq mənim ən böyük zövq aldığım işdir. Əgər insanlar canlandırdığım obraz haqqında pis və ya yaxşı danışırlarsa, bu mənim çox xoşuma gəlir.

Sizcə, serial niyə bu qədər uğur qazandı?

Əslində, uğur əldə edən bütün seriallar üçün söylənilən bir neçə qanun var. Yaxşı ssenari, aktyor heyəti, rejissor və yayım üçün doğru kanal. Xüsusilə də yaxşı rejissor varsa, deməli, yaxşı aktyor da var. Hətta bəzən seçilən aktyorun sadəcə xarici görünüşünün olmağı kifayət edir. Eyni zamanda serialı xalq özünə yaxın hiss etməlidir.

İstənilən insan aktyor ola bilərmi? Bu sənət üçün təhsil şərtdir?

İstənilən insan aktyorluq edə bilər. Bu bir hədəf məsələsidir. Mən bu sənətin çox asan olduğu barədə dolaşan fikirlərin əleyhinəyəm. Bu işi bacarmayanlar qısa müddətə ələnib oyundan çıxırlar. Təbii ki, teatrda tam fərqli mənzərədir. Təhsil vacib bir şərtdir.

Aktyor olmaq istəyənlər şöhrətə serial vasitəsilə daha tez çatacaqlarını söyləyirlər. Siz necə düşünürsünüz?

Təbii ki, ola bilər. Amma onların məqsədi aktyor olmaq yox, məşhur olmaqdır. Amma digər tərəfdən də bu sənətə həqiqətən könül vermiş insanlar da var. Mən 4 il boş-boşuna konservatoriyada oxumamışam. Bu mənim həyat seçimimdir. Bu sənətə yiyələnməkdə məqsədim sadəcə pul qazanmaq deyil.

Serialın uğuru sizi çaşdırdı, yoxsa uğur əldə edəcəyindən əmin idiniz?

Əslində, çaşmadım. Çünki əsər çox gözəl ssenariləşdirilmişdi. Əsər keçmiş dövrə aid olsa da, ssenaristlər onu müasir dövrə çox gözəl uyğunlaşdırıblar.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar