Yapon dilində nəşr olunmuş “İRS” jurnalının təqdimatı keçirilib
10 İyul 2012 Çərşənbə Axşamı 14:45
Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə yapon dilində ilk dəfə nəşr olunmuş “İRS” jurnalının təqdimat mərasimi keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Yaponiya Parlamentinin, XİN və digər hökumət qurumlarının, eləcə də siyasi, ictimai dairələrin yüksək səviyyəli nümayəndələri, diplomatik korpusun üzvləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak edib. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Akira Amari və bu qrupa daxil olan bir neçə deputat, torpaq, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini Osamu Yoşida da iştirakçılar arasında olub.

Tədbiri giriş sözü ilə açan səfir Gürsel İsmayılzadə jurnal haqqında məlumat verərək yaponca nəşrin Azərbaycana dair məlumatların Yaponiyada yayılmasına xidmət edəcəyini bildirib. Yaponiyanın Azərbaycanda ilk səfiri olmuş Tetsuya Hirose iki ölkə arasındakı əlaqələrin tarixinə nəzər salaraq Yaponiyanın Azərbaycana həm marağının, həm də səmimi münasibətinin olduğunu diqqətə çatdırıb. UNESCO-nun sabiq baş direktoru Koiçiro Matsura ölkəsinin Azərbaycanı bölgədə vacib tərəfdaş hesab etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduqlarını vurğulayaraq yapon dilində nəşrə başlamış “İRS” jurnalının bu işə töhfə verəcəyinə əminliyini söyləyib.

Tədbirdə jurnalın redaktoru Musa Mərcanlı və XİN-nin İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov da çıxış ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar