“Yaddaş” filminin təqdimat mərasimi keçirildi
19 Oktyabr 2010 Çərşənbə Axşamı 00:35
Filmdən təsirlənən şəhid anası: “Mənim balamın, onun kimi şəhidlərimizin qanı yerdə qalmayacaq”.
Bu gün Dövlət Rus Dram Teatrında "Bakı Film" studiyasının istehsalı olan “Yaddaş” filminin təqdimat mərasimi keçirildi. Film haqqında öz təəssüratlarını bölüşən yaradıcı heyət “Yaddaş”ın yaddaşlarda bir çox oyanışlara səbəb olacağını bildiriblər.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafayev bildirib ki, o, filmdə əsasən xalqımızı göstərmək istədiyib: “Filmin çəkilməsində əsas məqsəd ondan ibarət oldu ki, hər bir Azərbaycan vətəndaşının evinə müharibənin bir parçasını gətirim. Çox təəssüf olsun ki, cəmiyyətdə belə bir ifadə var, deyirlər, “mən uşağımı əsgərliyə göndərib, orada ölməyini istəmirəm.”. Müharibəyə gedən şəxs ölməyə yox, öldürməyə getməlidir. Bu nöqteyi-nəzərdən filmdə düşmənlərə qarşı qəddar və azərbaycanlı gücünün nümayişini göstərməyə çalışmışam. Mənə elə gəlir ki, Azərbaycan tarixi, gəncliyi üçün film maraqlı olmalıdır. Mən təkcə filmin senaristi yox, müharibəni keçən bir şəxs kimi çəkmişəm. Əlbəttə, film insanların xoşuna gəlsə, mən özümü xoşbəxt hiss edərəm. Vətəndaşlıq borcumu, şəhidlərin ruhu qarşısındakı borcumu qismən də ödəmiş hesab edərəm”

Filmin nümayişindən sonra hər kəsin qəlbi göynədi, gözləri yaşardı. Ən təsirli məqamlardan biri filmdən sonra şəhid anasının sonda səhnəyə çıxaraq tamaşaçılara səslənməsi hər kəsin qəlbini yandırdı. “Sizə qurban olum. Sağolun ki, bu anı mənə yaşaddınız. Insanın qanını coşduran film çəkdiyinizə görə sizə təşəkkür edirəm. Mən Azərbaycanla fəxr edirəm. Sizin kimi vətənpərvər insanlarla fəxr edirəm. İnanıram ki, geci-tezi var, bizim torpaqlarımız azad olacaq. Mənim balamın, minlərlə mənim balam kimi şəhidlərimizin qanı yerdə qalmayacaq”, - deyə şəhid anası vurğuladı.

İctimai baxışda iştirak edən sənətkarlar film barədə fikirlərini ANS PRESS-ə açıqladılar:

Jurnalist Sevil Nuriyeva:

“Zövqlü bir tamaşaçı olaraq, film mənə xoş təsir bağışladı. Film müharibənin hər üzünü yaşayan insanlar tərəfindən istehsal olunub. Mənz buna görə film yaddaqalandır. Bu filmdə acı da olsa, gerçək Azərbaycan var”

Mirşahin Ağayev:

“Mən filmə nə tamaşaçı kimi baxa bildim, nə də müharibədə dolayısı ilə iştirak edən bir Azərbaycan vətəndaşı kimi. Mən bu filmə bütün çəkilişlərdə Vahib Mustafayevin yanında olan reportyor kimi baxmışam. Deyim ki, bir reportyor olaraq filmi dəfələrlə yadıma salmışam. Güllələrin vıyıltısını, axan qanı, hətta Kərkicahanda Vahidin həkimin vaxtında çatdırmadığı bir məqamda əsgərə vurduğu iynəsini hiss etmişəm canımda. Eləcə də qanına bələşmiş əsgərlərin bağırtısı altında başqa-başqa bölgələrdə yaşadığım təsüratları yaşamışam bu filmə baxanda”

Əməkdar incəsənət xadimi rejisor, kinoredaktor Aydın Dadaşov:

“Bu gün bir bayramdır, kino bayramıdır ki, belə bir film ərsəyə gəlib. Bu filmə baxan zaman bütün informasiyalar insane rahat çatır. İndiki durumda mən Vahid Naxışı ancaq alqışlaya bilərəm. Əlbəttə, lupa ilə baxsan filmdə müəyyən nöqsanlar tapmaq olar, lakin əsas məsələ müəllifdə vətənpərvərlik ideyası çox güclüdür. Azərbaycanın bu günki məqamında vətənpərvərlik ideologiyasını hazırlamaq mənə elə gəlir ki, vacib məsələlərdən biridir”

Aktyor Fuad Poladov:
“Filmə baxandan sonra həmin an fakir söyləmək çətindir. Hər halda qısaca onu demək olar ki, yaradıcı heyyət qarşısına qoyduğu məqsədə nail olub. Film lazımlı, inandırıcı filmdir. Deyərdim ki, bütün aktyorlar, ümumi heyyət yaxşı ansanbıl yaradıb”

Xalq artisti Amaliya Pənahova:
“Qarabağı biz yalnız müharibə yolu ilə alacayıq. Bizdə igidlərimiz var, onların da buna gücü çatacaq. Məhs belə filmlər bizə lazımdır. Bu filmlərin təsirilə biz qarabağı ala biləcəyik. Hərdən biz asudə vaxtımızda müharibəni unuduruq. Belə filmlər bizi yuxudan oyadacaq. Mən filmin bütün yaradıcı kollektivini, başda Vahid Naxış olmaqla təbrik edirəm”

Məşhur jurnalist Mais Məmmədov:
“Belə filmlər çox olmalıdır. Doğrudan da hər tərəfli böyük filmdir. Mən ikinci dəfə baxıram bu filmə. Qismət olsa dəfələrlə baxmaq istərdim. Çünki, doğrudan da çox gözəl filmdir”

Filmdə baş rollardan birində çəkilən Anar Heybətov:
“Çox xoşuma gəldi film. Çox gözəl təsir baxışlayır film insana. Təşəkkür edirəm Vahid müəllimə”

Filmdə baş rollardan birində çəkilən Pərviz Məmmədrzayev:
“Mən yenə deyirəm, filmin emosional təsiri çox güclüdür. Əgər şəhid anası səhnəyə çıxıb bütün hisslərini bizə bildirdisə, deməli film alınıb, çox gözəl alınıb”

Filmdə baş rollardan birində çəkilən İlqar Musayev:
“Açığı bəzi səhnələr vardı ki, mən ümidsizliyə qapılmışdım. Inanmırdım ki, film belə gözəl alınacaq. Bu gün özümü xoşbəxt hiss edirəm. Çəkildiyim ən gözəl döyüş filmidir”


Filmdə çəkilən Yura Balıyev:
“Müasir filmlər içərisində ən gözəl fildir. Şəhidlərin daim qəlbimizdə yaşamaqlarını film açıq-aydın göstərir. Filmdə ən gözəl rejisor işi sonda qəhrəmanların bir anlıq həlak olmalarını gizlətməsidir. Elə bu ona görə “Yaddaş” adlanır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar