Xuraman Vəfanın yaradıcılıq gecəsi
19 Dekabr 2009 Şənbə 15:05
Şairə Xuraman Vəfa yaradıcılıq gecəsində konsertə gəlməyən müğənnilər barədə danışdı.
Dünən axşam Opera və Balet Teatrında şairə Xuraman Vəfanın “Məni məndən soruş” adlı yaradıcılıq gecəsi keçirilib. ANS PRESS-in məlumatına görə, "RA production" kompaniyasının təşkilatçılığı ilə keçirilən tədbirin səhnə dizaynı çox yüksək səviyyədə hazırlansa da, konsert proqramlaşdırıldığı kimi olmayıb.

Belə ki, müğənnilərdən İlhamə Quliyeva, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Şəbnəm Tapdıq, Aybəniz Haşəmova, Gülyanaq Məmmədova, Röya Ayxan, İradə İbrahimova, Aynur Dadaşova, Könül Kərimovanın adları konsertin afişalarında qeyd olunsa da, onlar tədbirə qatılmayıblar.

Xuraman Vəfanın ANS PRESS-ə verdiyi məlumata görə, bir çox müğənnilərin əvvəlcədən nəzərdə tutulduğundan fərqli olaraq konsertə gəlməmələrinə səbəb müxtəlif olub.

"Düzdür, bir çox müğənnilərin adları afişada olsa da, onların hərəsi bir səbəbdən gəlmədi. Aybəniz Haşımova 3 gündür ki, qızdırmadan yatır. Hətta mənimlə danışanda da səsi güclə çıxırdı", deyə şairə bildirib. Xuraman Vəfanın sözlərinə görə, Gülyanaq Məmmədova da ona zəng edərək xəstələndiyini bildirib.

X. Vəfa digər sənətçilərin tədbirə gəlməməsinin səbəblərini də açıqladı: "Nazpəri xanımın adı afişada olsa da, anonslara salınmamışdı. O da bunu özünə qarşı hörmətslik kimi qəbul etdiyinə görə, konsertə gəlmədi. İlhamə xanım isə mənə dedi ki, qonaqlar arasında iştirak edən müğənnilərdən birinə görə gəlməyəcək. Aynur Dadaşovanın isə bildiyiniz kimi uşağı zədələnib. Onun oğlunun bütün bədəni gibsdədir".

Şairə Şəbnəm Tapdıqla, Röyanın tədbirə gəlməməsinin səbəblərini isə özünün də bilmədiyini deyib.

Anşlaqla keçən konsertdə Zümrüd Məmmədova, Canəli Əkbərov, Faiq Aqayev, Mələkxanım Əyyubova, Mətanət İsgəndərli, Gülyaz Məmmədova, Firuzə İbadova, Nüşabə Ələskərli, Nurlan Əzizbəyli, Elmira Ələkbarzadə, Flora Kərimova, Səməd Səmədov, Emin Nəsirli, Nurlan Əzizbəyli, bəstəkarlar Nailə Mirməmmədli, Gövhər Həsənzadə və sairə sənətçilər iştirak ediblər. Layihənin rejissoru Gövhər Həsənzadə olub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar