Qoçaq Əsgərovun ifası “Taste of East” adlı topluya daxil edilib.
Xarici ölkələrdə səsinə daha çox tələbat olan xanəndə Qoçaq Əsgərov yeni təqvimin ilk ayında yeni xəbərini paylaşdı. Musiqiçi ANS PRESS-ə bildirib ki, qatıldığı dünya miqyaslı “Womex” festivalının təşkilatçısından şad xəbər alıb. Onun ifası müsabiqədə dəyərləndirilən musiqiçilərin bir qismindən ibarət işıq üzü görmüş albomda yer alıb.
Xalq mahnılarımızın və muğamlarımızın mahir ifaçısı albomla bağlı bu sözləri dedi: “Sözügedən festivalın münsifləri yüzlərlə iştirakçını ələyərək, bir neçəsinin adı üzərində dayandı. Dəyərləndirilənlər sırasında növbəti dəfə mən də varam. Diskə mənim ifamda “Bayatı-şiraz” muğamı və təsniflər daxil edilib. Festival rəsmiləri bu dəfə yeniliyi Polşadan ediblər. Bir neçə ölkə musiqiçinin albomda yer alan səsi bütün Avropaya eşidilib."
Qeyd edək ki, “Taste of East” adlanan topluya Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna, Ermənistandan olan iştirakçıların ifaları daxil edilib.