Xanəndəmiz bayramı İspaniyada qeyd elədi
29 May 2012 Çərşənbə Axşamı 10:19
Qoçaq Əsgərov 28 may Respublika Günü münasibəti ilə İspaniyada konsert verib.
Xanəndə Qoçaq Əsgərov 28 May Respublika Günü münasibəti ilə Madriddə keçirilən bayram konsertində çıxış edib. Xanəndənin ANS PRESS-ə verdiyi məlumata görə, konsert iritutumlu konsert salonlarının birində Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə axşam saatlarında baş tutub.

Q.Əsgərovun çıxışından öncə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın Azərbayjanın tarixi, musiqisi və əlamətdar günün tarixi haqqında çıxışı olub. Bunun ardınca xanəndə əməkdar artist Mircavad Cəfərov (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara) və Şirzad Fətəliyevin (balaban) müşayiəti ilə bayram əhval-ruhiyyəli repertuarını təqdim edib.

Qeyd edək ki, bu xanəndənin İspaniyaya ilk səfəridir. Səfər həm də onu yerli musiqiçilər üçün tanıtım xarakteri daşıyır. Konsertdə İspaniyanın məşhur musiqiçiləri azərbaycanlı musiqiçini dinləyib, rəy bildiriblər. Daha sonra Q.Əsgərov bir neçə musiqi şirkətlərinin rəsmiləri ilə görüşüb. Bu səfər onun sentyabrda keçiriləcək musiqi festivalına qatılması üçün hazırlıq xarakteri də daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar