Xan Şuşinski barelyefi ayaq altında qalıb
30 Avqust 2010 Bazar Ertəsi 18:55
Bəyimxanım Verdiyeva: "Xan Şuşinski kimi dahi sənətkara bu cür hörmətsizlik olunmamalıdır"
Azərbaycanın dahi muğam ustası Xan Şuşinskinin Bakı şəhəri, Üzeyir Hacıbəyov 37/43 ünvanındakı barelyefi ayaqlar altında qalıb. Bunu sənətkarın qızı Bəyimxanım Verdiyeva deyib. Onun sözlərinə görə, barelyef il yarım bundan öncə binanın təmirilə əlaqədar sökülüb. Lakin təmir işləri yekunlaşsa da, barelyef hələ də yerinə asılmayıb: “Bu mənzil atama Heydər Əliyev tərəfindən verilmişdi. Barelyef isə 2001-ci ildə yubiley ərəfəsində vurulub. Həmin il Heydər Əliyevin sərəncamı ilə atamın 100 illik yubileyi qeyd olunurdu. İl yarım əvvəl binanın fasadı ağardılan zaman dörd barelyef söküldü. Təmir artıq çoxdan başa çatıb. Amma barelyeflər hələ də yerdə qalıb, vurulmur. Bu da bizə təsir edir. Hər dəfə oradan keçəndə görürük ki, barelyef ayaq altında qalıb. Niyə vurulmur bilmirəm”.
Bəyimxanım Verdiyeva məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də, bu da heç bir nəticə verməyib: “Mən İcra Hakimiyyətinə zəng etdim. Çünki barelyef onların sərəncamı ilə vurulub. Bir kişi danışdı mənimlə - bilmədim kimdir – dedi “narahat olmayın, qoyulacaq”. Amma hələ də bir nəticə yoxdur. Artıq üzü payıza gedir, bir azdan yağışlar başlayacaq. Onda necə olacaq? Axırda əlacsız qalıb oradakı salondan xahiş etmişik ki, barelyef bir küncdə qalsın. Bu, düzgün deyil axı. Xan Şuşinski kimi dahi sənətkara bu cür hörmətsizlik olunmamalıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: