Xalq rəssamı Əzim Əzimzadənin əsərlərinin toplusu hazırlanır
22 İyul 2010 Cümə Axşamı 00:45
Rəssam Əzim Əzimzadənin 130 illik yubileyi ilə əlaqədar hazırlanan toplu 3 mindən artıq eksponatı əhatə edəcək.
Bakıda yaradılan ilk ev-muzey Azərbaycanın Xalq Rəssamı Əzim Əzimzadəyə məxsusdur. Üzeyir Hacıbəyli, Sidqi Ruhulla, Mirzə Cəlil kimi görkəmli şəxsiyyətlərin qonaq gəlib saatlarla söhbətləşdikləri bu mənzildə 3 mindən artıq eksponat qorunub saxlanılır. Bu eksponatların çoxu rəssamın yaxınları tərəfindən ev-muzeyə təqdim olunub.
Əzim Əzimzadənin ev-muzeyindən AzərTAc-a bildirmişlər ki, 1968-ci ildən fəaliyyət göstərən muzeydə bir sıra yeniliklər gözlənilir. Yaxın vaxtlarda buradakı əşyaların sırasına görkəmli rəssamın əsərlərindən ibarət yeni bir albom da əlavə olunacaq.
Bu il həm də Azərbaycanın ilk Xalq Rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinin qeyd edilməsi ilə yadda qalacaq. Əlamətdar yubileyə muzeyin töhfəsi isə rəssamın 3 mindən artıq əsərinin yer aldığı toplu olacaq. Albom Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.
Ev-muzeydə əsaslı təmir işlərinin aparılması da gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: