Xalq artisiti Zərnigar Ağakişiyeva öz istəyi ilə teatrı tərk etdi
20 Oktyabr 2011 Cümə Axşamı 16:51
İsrafil İsrafilov: “Zərnigar Ağakişiyeva işdən çıxmaq üçün 4 dəfə müraciət etdi, biz də onun xahişini nəzərə aldıq”.
Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva Akademik Milli Dram Teatrından gedib. Teatrın direktoru İsrafil İsrafilov bildirib ki, Z. Ağakişiyeva dörd dəfə teatrdan çıxmaq üçün ona müraciət ünvanlayıb: “Biz Zərnigar xanımın işdən çıxmasını, teatrdan uzaqlaşmasını istəmirdik. Sadəcə olaraq, dörd dəfə müraciət etdi və səhhətindəki problemlərlə bağlı teatrdan ayrılmaq istəyini bildirdi. Onun təkidindən sonra xahişi nəzərə alındı”.
Bu ilin əvvəlində teatrda əməkdaşlarla müqavilələr bağlanarkən teatrın aktrisası Kubra Əliyevanın da işdən çıxması faktına toxunan İ.İsrafilov deyib ki, K.Əliyeva da teatrdan uzaqlaşmasını səhhəti ilə əlaqələndirib: “Heç kimin ürəyinə girmək mümkün deyil. Kubra xanım da öz xahişi ilə işdən çıxdı. Səhhətini əsas gətirdi və teatrdan uzaqlaşdı”.
Teatr rəhbəri bu iki haldan başqa, teatrdan getmə halının olmadığını vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: