Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və “CİNEMA” Mərkəzinin təşkilatçılığı ilə VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı öz işinə başlayır. Noyabrın 22-si, 23-ü və 24-də Bakıda keçiriləcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacaq. Festivalın direktoru Fehruz Şamıyevin
APA-ya verdiyi məlumata görə, bu ildən öz statusunda dəyişiklik edən festivalın seçim komissiyasına Azərbaycan, Almaniya, Belçika, Polşa, Hindistan, Ukrayna, Rusiya, İran, Türkiyə, Gürcüstan, Latviya, Qazaxıstan, Moldova, Qırğızıstan, Özbəkistan və bu kimi ölkələrdən filmlər daxil olub. VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılışı mərasimi noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində, filmlərin nümayişi 11:00-dan 18:00-a kimi Azərbaycan Kinematoqrafçılar İttifaqında olacaq. Festivalın yeniliklərindən biri də Kann və Moskva festivallarının mükafatçısı Rza Mir Kəriminin fəxri qonaq qismində iştirakıdır. Festival çərçivəsində onun və rusiyalı qonaq Rodion İsmayılovun ustad dərslərinin təşkili gözlənilir.
Builki festivalda əsas dəyişiklik layihənin strukturu ilə bağlıdır. Belə ki, bu ildən festival iştirakçıları yalnız tələbələrdən ibarət olmayacaq. “START” Beynəlxalq Tələbə Film Festivalı bu ildən başlayaraq 30 yaşına qədər gənc kinomanların qısametrajlı filmlərin yarışını da ayrıca müsabiqə ilə təşkil etmək niyyətindədir: “2011-ci ildən başlayaraq Beynəlxalq Qısametrajlı Film Festivalı kimi fəaliyyət göstərmək niyyətindəyik. Bu dəyişiklik festivala qoşulmaq istəyən gənc kinematoqrafçılar üçün nəzərdə tutulub və onların təklifləri əsasında baş verib. Bu il tələbə və gənclər statusu yanaşı istifadə olunacaq, jüri həm tələbələr, həm də gənclərin filmlərini qiymətləndirəcək”. F. Şamıyev festivalla bağlı ikinci əsas dəyişikliyin jürinin tərkibi ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, “START” Beynəlxalq Film Festivalın münsiflər heyətində təmsilçilərdən biri və ya bir neçəsi ictimaiyyəti təmsil edəcək.
Xatırladaq ki, “START” Beynəlxalq Film Festivalını 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. “START” Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır. 2005-ci ildən beynəlxalq statusu qazanan “START”, həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.
Qeyd edək ki, VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.