Venesiya kinofestivalı Mart günləri ilə açılacaq
22 İyun 2011 Çərşənbə 19:31
Corc Kluninin çəkdiyi filmin təqdimatı avqustun 31-də olacaq
Corc Kluninin çəkdiyi “Mart günləri” adlı yeni filmin rəsmi nümayiş tarixi açıqlanıb. Film Venesiyada keçiriləcək 68-ci Kino Festivalı zamanı təqdim olunacaq. ANS PRESS-in festivalın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, festivalın daimi qonağı olan Corc Kluni sözügedən festivalda artıq 3-cü dəfə iştirak edir. 2009-cu ildə Venesiyada Kevin Speysi, Ceff Bridjes, Evan Makreqorun iştirakı ilə “Ağılsız xüsusi təyinatlılar” (The Men Who Stare at Goats) filmi ilə, 2005-ci ildə isə ən yaxşı ssenari mükafatına layiq görülən “Gecəniz xeyirli və uğurlu olsun” filmi ilə iştirak edib.

“Mart günləri” adlı dram əsəri Qovard Dinin seçki kampaniyasından bəhs edir. Filmin süjeti 2004-cü ildə demokratların prezidentliyə namizədi olan Qovard Dinin üzərində qurulub. Film Bo Uillimonun pyesi əsasında ekranlaşdırılıb.

Filmdə Corc Kluni həm rejissor, həm ssenari müəllifi, həm də baş rollardan birində çıxış edir. Məşhur aktyorlardan Rayan Qoslinq, Marisa Tomey, Filip Seymur Hoffman, Pol Cimati və başqaları da filmdə çəkilib.

Qeyd edək ki, 68-ci Venesiya Kino Festivalı avqustun 31-dən sentyabrın 10-a qədər davam edəcək. Tədbirin münsiflər heyətinə isə Darren Aranofski başçılıq edəcək. Festival iştirakçılarının adları hələlik açıqlanmayıb. Lakin məşhur aktyor Al Paçinonun kinematoqrafiyanın inkişafına verdiyi töhvələrə görə xüsusi fəxri mükafat alacağı məlumdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar