Vaşinqtonda rəssam Şahin Şıxəliyevin sərgisi açılıb
23 Noyabr 2010 Çərşənbə Axşamı 02:25
“Blank Space” sənət qalereyasındakı sərgi iki həftə davam edəcək
ABŞ-ın paytaxtı Vaşinqtonda azərbaycanlı rəssam Şahin Şıxəliyevin “Vətənə yol:Azərbaycandan çığırlar” adlı sərgisi açılıb. Sərgiyə ABŞ-ın Qarabağ Fondu sponsorluq edir.Şahin Şıxəliyev “Amerikanın səsi”nə deyib ki, sərgidə onun son illər yaratdığı rəsmlər toplanıb nümayiş etdirilir. Rəssam yağlı boyalarla çəkdiyi bu əsərlərdə müxtəlif rəng kombinasiyalarından istifadə edərək, milli koloriti saxlamağa nail olub.
Şahin Şıxəliyev artıq 10 ildir Birləşmiş Ştatlarda yaşayır. Onun Vaşinqtonda dəfələrlə sərgiləri təşkil edilib. Rəssam Smitsonian Assosiasiyası və Spektrum İncəsənət studiyasında təsviri insənətdən dərs deyir.
Şahin Şıxəliyev 1988-ci ildə Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1989-cu ildən o, sərgilərini nümayiş etdirməyə başlayıb. Rəssamın Avropa və Yaxın Şərq ölkələrində sərgiləri təşkil edilib.
Vaşinqtonun “Blank Space” sənət qalereyasında təşkil edilən sərgi iki həftə davam edəcək.
DOSTLARINLA PAYLAŞ: