Vahid Mustafayev Xoca filminə görə diplomla təltif edildi
17 Dekabr 2012 Bazar Ertəsi 15:10
Misir Mədəniyyət Mərkəzinin direktoru: Misir xalqı bu film vasitəsilə Xocalıda baş verənlər barədə xəbərdar oldu.
Bu gün Bakıdakı Misir Mədəniyyət Mərkəzində “35-ci Qahirə Beynəlxalq Film Festivalı”nda “Xoca” filmi ilə fəal iştirakına və Azərbaycan-Misir mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə, Vahid Mustafayev diplomla təltif olunub. ANS PRESS-in məlumatına görə, diplomu Vahid Mustafayevə mərkəzin direktoru Mustafa Moavad Əbdül-Tavab Əbu-Ziəd təqdim edib.

Tədbirdə ilk öncə hər iki dövlətin himni səslənib. Sonra tədbiri açıq elan edən Mustafa Əbu-Ziəd “Xoca” filminin Xocalı faciəsini əks etdirən ekran əsəri olduğunu bildirib.

“"Xoca" Xocalı hadisələrini ilk dəfə olduğu kimi göstərən filmdir. Misir xalqı bu film vasitəsilə Xocalıda baş verənlər barədə xəbərdar oldu. Film Misirin dövlət kanalı olan I kanal vasitəsilə bir neçə dəfə nümayiş etdirildi. Bununla da həm Misir xalqı, həm də dünya ölkələri Xocalıda baş verən hadisələrin beynəlxalq terror olduğunun bir daha şahidi oldu”.

Mustafa Əbu-Ziəd çıxışında həmçinin Misirin I kanalı ilə ANS telekanalı arasında qarşılıqlı münasibətlərdən də söhbət açıb: “Hər iki kanal arasında həmişə yaxşı münasibələr olub və olacaq. Biz arzulayırıq ki, ANS telekanalı bundan sonra da yeni-yeni uğurlara imza atsın”.

Daha sonra tədbirdə çıxış edən "Xoca" filminin rejissoru Vahid Mustafayev filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

“Bu diplom təkcə mənim deyil, bütün çəkiliş qrupunun uğurudur. Bu bizim 2012-ci ildə bacardıqlarımız idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, filmin ərsəyə gəlməsində bizə həm maddi, həm mənəvi dəstək oldu. O cümlədən bütün dövlət qurumlarına, Müdafiə Naziriyinə, Daxili İşlər Nazirliyinə minnətdaram ki, çəkilişlər zamanı bizə yardımçı oldular”, - deyə V.Mustafayev vurğulayıb.

Daha sonra filmin baş prodüsseri Mir Şahin Ağayev çıxışını “Xoca” filminin təqdimatı günü Vahid Mustafayevin sözləri ilə başlayıb.

“Vahid Mustafayev “Xoca”nın təqdimatı zamanı bunları dedi: “Biz film çəkdik. İndi bu film bizim yox, insanların, tamaşaçıların, şəhidlərin ruhunundur”. Doğrudan da, xalq üçün çəkilən film artıq xalqındır”, - deyə Mir Şahin Ağayev bildirb.

Daha sonra tədbir qonaqlar və aktyorların çıxışı, ürək sözləri ilə davam edib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar