Bu gün “Xoca” filminin Qırğızıstan Kinematoqrafçılar İttifaqında nümayişi olub.
Xəbər verildiyi kimi, Xocalı soyqırımının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün tələb olunan 100 min səs artıq toplanıb. Ağ evin rəsmi səhifəsində yer alan “biz xalqıq” bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidenti Barak Obamanın bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.
Xocalıya ədalət kampaniyası çərçivəsində isı Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu www.xocali.kz saytını yaradıb. Əsasən rusdilli oxucular üçün nəzərdə tutulan bu saytda faciyəyə aid video və foto şəkillər, Qarabağ, Xocalının işğalı və faciəni törədən 366-ci motoatıcı alay barədə məlumatlar yerləşdirilib.
Qeyd edək ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Qırğızıstanın paytaxtı Bişkekdə rejissor Vahid Mustafayevin Xocalı faciəsindən bəhs edən “Xoca” filmi nümayiş etdirilir. Bu gün “Xoca” Qırğızıstan Kinematoqrafçılar İttifaqında da göstərilib. Nümayişdən əvvəl rejissor Vahid Mustafayev fəxri diplomla təltif edilib. Tamaşaçılar isə filmdən böyük təəssüratla ayrılıblar.
Faciənin ildönümü ərəfəsində, fevralın 25-də “Xoca” filmi Qırğızıstan televiziyasında da nümayiş ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl İslam Konfransı Təşkilatının Misirin paytaxtı Qahirədə keçirilən sammitinin yekun sənədində Xocalı hadisələri soyqırımı aktı və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilib. Sənəddə bütün üzv ölkələr Xocalı faciəsini beynəlxalq səviyyədə tanıtmaq üçün səylərini əsirgəməməyə çağırılır.