UNESCO İranın tarla bağlı etirazına münasibət bildirdi
18 Dekabr 2012 Çərşənbə Axşamı 13:21
Bu barədə UNESCO-nun mətbuat xidmətindən İran Musiqi Evinin məsələyə etirazlarını şərh edərkən bildirilib.
Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərarı Strasburq Hökumətlərarası Komitəsinin dekabrın 3-7-də Parisdə keçirilən 7-ci sessiyasında qəbul olunub.

Bu barədə UNESCO-nun mətbuat xidmətindən İran Musiqi Evinin məsələyə etirazlarını APA-ya şərh edərkən bildirilib.

Mətbuat xidmətinin əməkdaşı Luçiya İqlesias deyib ki, bu qərar tarın yalnız Azərbaycanda istifadə edilməsi anlamına gəlmir: “Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. İran Azərbaycana tarın mövcud təsvirini genişləndirməyi təklif edə və alətin istifadəsi ilə bağlı öz versiyasını təqdim edə bilər ki, buna da heç nə mane olmur”.

L. İqlesias qeyd edib ki, UNESCO-nun prosedurlarına uyğun olaraq müvafiq ərizə hər il martın 31-nə qədər təqdim oluna bilər: “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı imzalamış dövlətlər bu və ya digər mədəni elementin qeydiyyatı üçün birgə ərizə verə bilər. Məsələn, 2009-cu ildə UNESCO İran, Azərbaycan və bir sıra digər ölkələrin təşəbbüsü ilə Novruz bayramını qeydiyyata alıb. Bundan başqa, istənilən ölkə öz ərazisindəki hər hansı mədəni irslə bağlı birtərəfli qaydada nominasiya təqdim edə bilər. Ərizələr prosedur qaydalarına uyğun şəkildə və vaxtda təqdim edilməlidir. Komitə ərizəni müzakirə etdikdən sonra müvafiq qərar qəbul edir”.

Qeyd edək ki, İran Musiqi Evi tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.

Əlavə edək ki, İran tarın UNESCO-da Azərbaycanın musiqi irsi kimi qəbul edilməsinə etiraz etsə də, söhbət tarın Azərbaycan musiqi aləti kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən getmir. UNESCO Azərbaycan tar ifaçılığı sənətini bu siyahıya daxil edib.

Tar aləti və tar ifaçılıq sənəti fərqli anlayışlar olduğundan, İranın etirazı əsassız sayıla bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar