Bu gün Ümumdünya Televiziya Günüdür. Televiziyanın tarixi təxminən 80 il əvvəldən başlayır.
Bu gün ən populyar informasiya kanalı olan televiziyanın bayramı dünyanın bütün ölkələrində qeyd olunur. 28 fevral 1997-ci ildə BMT Baş Assambleyası öz qətanməsində televiziya proqramları mübadiləsini genişləndirmək üçün bu günün qeyd olunması barədə qərar qəbul edib. 21 noyabr tarixi 1996-cı ildə BMT-nin ilk Ümumdünya Televiziya Forumu ilə üst-üstə düşür.
Televiziyanın tarixi təxminən 80 il əvvəldən başlayır. Elektron şüa vasitəsilə görüntülərin ötürülməsi və qəbulu eksperimentləri XX əsrin 20-ci illərinin əvvəllərində ABŞ, Yaponiya və SSRİ-də başlayıb. 1933-cu ildə əslən rusiyalı Amerika mühəndisi Vladimir Zvorıkin katod trubkasını icad edib və o indiyədə əksər televizorların əsas hissəsini təşkil edir.
1936-dı ildə Böyük Britaniya və Almaniyada, 1941-ci ildə isə ABŞ-da müntəzəm televiziya verilişləri başlayıb. Lakin televiziya yayımı Avropada yalnız 50-ci illərdə geniş yayılmağa başlayıb. Hazırda dünyada televiziya yayımı ilə əhatə olunmayan ölkə qalmayıb.
Azərbaycanda isə televiziyanın yaranması 1956-cı il fevralın 14-ə təsadüf edib. İlk vaxtlar televiziya həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Sonralar bu müddətin getdikcə artırılmasına başlanılıb. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata çatdırılıb. ANS televiziyası və ANS ÇM radiosu isə Azərbaycanda ilk müstəqil teleradio kimi tarixə düşüb. Bundan sonra isə teleməkanda digər teleradio şirkətləri fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın efir məkanında, ANS də daxil olmaqla, bütün ölkəyə yayımlanan 7 telekanal var. Radiostansiyaların sayı isə 10-u keçib. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunmasında, onun dilinin, ictimai həyatının dəyərlərininin inkişafında televiziyaların rolu böyükdür.
1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün isə yeni teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
ANSPRESS