Türkmənistan Mədəniyyət Günləri başa çatdı
07 Noyabr 2010 Bazar 02:55
Türkmənistan mədəniyyət ustaları böyük konsert proqramı ilə çıxış ediblər.
Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib.Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru Tuvakbibi Durdıyeva xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından danışıb. O, Azərbaycanda türkmən mədəniyyətinə, incəsənətinə göstərilən diqqətdən məmnun olduğunu bildirib.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət sektorunun müdiri Fərəh Əliyeva Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək etdiyini vurğulayıb. Bu gündən etibarən bütün sahələrdə əlaqələrin genişlənəcəyini söyləyən F.Əliyeva Bakıda olan milli bayramlarda hökmən türkmən sənətçilərinin, Türkmənistanda keçirilən əlamətdar tədbirlərdə isə Azərbaycan sənətçilərinin iştirak edəcəklərini bildirib. F.Əliyeva Mədəniyyət günləri çərçivəsində Bakının ayrı-ayrı mədəniyyət ocaqlarında türkmən incəsənət ustalarının konsertinin, rəssamlarının əsərlərindən ibarət sərgilərin, kinofilmlərinin Azərbaycanda rəğbətlə qarşılandığını söyləyib, gələcəkdə Azərbaycanda və Türkmənistanda belə günlərin tez-tez keçiriləcəyini deyib.
Sonda Türkmənistan mədəniyyət ustaları böyük konsert proqramı ilə çıxış ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: