Türkiyəli müğənnilər Azərbaycanın qələbəsindən danışıb
18 May 2011 Çərşənbə 07:14
Fərdi Tayfur bu vəziyyətdə Türkiyənin analoji addımı atıb-atmayacağından əmin olmadığını deyib.
Ötən gecə Türkiyədə keçirilən 17-ci “Kral TV video-musiqi mükafatı”nın təqdim etmə mərasimində bu ölkənin tanınmış müğənniləri Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qazandığı qələbədən danışıb.
“Arabesk” musiqinin kralı hesab olunan Orxan Gəncəbay bu qələbəyə görə, çox sevindiyini, Azərbaycanın uğurunun Türkiyənin də uğuru olduğunu deyib: “Bütün Azərbaycan bizim özümüz və qardaşlarımızdır. Onların bu uğuru bizi də çox sevindirdi. Nə fərq edər ki, onlar birinci olub, yoxsa biz?”
Daha bir məşhur müğənni olan Fərdi Tayfur bu vəziyyətdə Türkiyənin analoji addımı atıb-atmayacağından əmin olmadığını deyib: “Azərbaycan qələbə qazandı. Bu, biz də qazandıq deməkdir. Biz iki ölkə bir millətik. Mən o bayrağı görəndə çox duyğulandım. Fikirləşirəm ki, görəsən biz də eyni addımı atardıqmı? Həqiqətən də çox böyük olduqlarını göstərdilər”.
Rafət El Roman hər iki ictimaiyyətin bir-biri ilə fəxr etdiyini deyib: “Bizim üçün çox gözəl gecə idi. Bir-birini sevən və bir-birinə yaxın iki ictimaiyyət bu qələbəni birlikdə qeyd etdi.
Nil Özalp isə Azərbaycanın belə bir qələbə əldə edəcəyini gözlədiyini bildirib: “Onlar bizim qardaşlarımızdır. Ən azı öz zəfərimiz kimi sevindik. Azərbaycanlıları çox sevirəm. Çox fəxr etdim. Daha əvvəl də uğurlu çıxışları olmuşdu və bu qələbə də gözlənilən idi”.
Müğənni Selami Şahin də bu qələbəyə görə sevindiyini deyib: “Mən çox sevindim. Tarixə baxsaq Azərbaycan da bizimlə eyni ailənin üzvüdür. Mən burdan sevgilərimi, hörmətlərimi yollayıram və uğurlarının davamını arzulayıram”.
Klarnet ifaçısı Hüsnü Şenlendirici bu zəfərin onu həyəcanlandırdığını deyib: “Eurovisionun ən həyəcanlə tərəfi Azərbaycanın birincilik əldə etməsi oldu. Onların uğuru bizim də uğurumuzdur. Mənim bu ölkədə çoxlu sənətçi dostum var”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: