Türkiyə səfirliyinin mətbuat müşaviri “İki sahil” qəzetində olub
31 Mart 2011 Cümə Axşamı 19:44
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş "İki sahil" qəzeti redaksiyasında olub.
Bakı – APA. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş "İki sahil" qəzeti redaksiyasında olub. APA-nın məlumatına görə, qəzetin baş redaktoru Vüqar Rəhimzadə ilə görüşdə qonaq tarixi köklərə malik olan və bu gün hər bir sahə üzrə uğurla inkişaf edən Türkiyə-Azərbaycan əlaqələrindən danışıb. Bildirib ki, bu dostluq Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisinə əsaslanır. Hazırda bu siyasət uğurla davam etdirilir. Türkiyə-Azərbaycan dostluğu daim nümunə göstərilir.
Qonaq əməkdaşlıq əlaqələrinin inkişafında mətbuatın rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycanda müstəqil mətbuatın inkişafına dövlət qayğısı davamlıdır və bundan böyük qürur hissi keçirir.
V. Rəhimzadə Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını, gündən-günə daha da möhkəmləndiyini vurğulayıb, qəzetin yaranma tarixi, keçdiyi yol və fəaliyyəti barədə ətraflı məlumat verib.
Yavuz Bayram Maraş jurnalist əməyinin böyük fədakarlıq, zəhmət tələb etdiyini önə çəkərək Azərbaycan dövlətinin jurnalistlərə diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirib: “Təbii ki, bu qayğı jurnalistləri öz məsuliyyətlərini dərindən dərk etmələrinə və daha səylə çalışmalarına stimul verir”.
O, "İki sahil" qəzeti ilə uğurlu əməkdaşlıqdan məmnun olduğunu ifadə etdi.
DOSTLARINLA PAYLAŞ: