Türkdilli xalqların himni yazıldı
19 Fevral 2013 Çərşənbə Axşamı 18:26
Aslan Hüseynov Türkdilli xalqların himnini yazdı.
Müğənni Aslan Hüseynov türkdilli xalqların himnini yazdırıb. Müğənni ANS PRESS-ə verdiyi məlumata görə, himnin yazılması ideyası keçən ilin ortalarında yaranıb: "Mən demək olar ki, bütün türkdilli xalqların bayram şənliklərində iştirak edirəm. Belə bir himnin yaradılmasına həmişə ehtiyac duymuşam. Bu fikrimi millət vəkili Qənirə Paşayevaya bildirdim. Böyük həvəslə razılaşdı. Qısa müddətdən sonra məni ofisinə dəvət etdi. Ofisdə Qənirə xanımdan savayı bir neçə nəfər var idi. Söhbətimizdən belə məlum oldu ki, hamısı türkçüdür. Birlikdə türkdilli xalqların himnində səslənəcək hansı sözlərdən istifadə olunacağını müzakirə etdik. Məqsəd mahnıda bütün türk xalqlarının adlarını unutmamaq və türk tarixində iz qoymuş tarixi şəxsiyyətlərin mahnıda yer alması idi. Müzakirələrimizin nəticəsində Qənirə Paşayeva belə gözəl şeir yazdı. Sevinc Tofiq-qızı musiqisini yazdıqdan sonra mən mahnını aranjeman etdirdim. Himn canlı musiqi alətləri ilə yazılıb. Türk xalqlarının qədim musiqi alətlərindən istifadə edilib".

İfaçı "Türkdilli xalqların himni"ni ekranlaşdırmağı düşünür: "Əlbətdə ki, himnə klip çəkdirmək fikrim var. Amma bu, sıradan bir klip olmayacaq. Mən bu klipi bir çox türkdilli ölkələrdə çəkdirmək istəyirəm. Amma buna maddi vəziyyətim imkan vermir. Amma inanıram ki, türkçülük ideyası ilə yaşayan oğullarımız bu işdə mənə dəstək olacaqlar".




DOSTLARINLA PAYLAŞ:

oyunlar