Toskanini Filarmonik Orkestrinin konsert turnesi başa çatıb
18 Aprel 2011 Bazar Ertəsi 18:43
Konsertlər azərbaycanlı dirijor Əyyub Quliyevin rəhbərliyi altında gerçəkləşib.
Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə dünya şöhrətli Toskanini Filarmonik Orkestrinin İtaliya və İspaniyada konsert turnesi keçirilib. Əyyub Quliyev bildirib ki, konsertlər İtaliyanın Mədəniyyət Nazirliyi, Roma Dövlət Filarmoniyası (Filarmonica Romana), Toskanini Fondu, “Musica Insieme” Fondu (Bolonya), Madriddəki İtaliya Mədəniyyəti İnstitutu və İspaniyanın Zərif Sənətlər Akademiyası tərəfindən təşkil olunub.

Toskanini Filarmonik Orkestrinin konsert turnesi məşhur italyan dirijoru və bəstəkarı Cüzeppe Sinopolinin xatirəsinə həsr edilib. Həmin silsilədən ilk konsert aprelin 14-də Romada, “Teatro Olimpiko”da gerçəkləşib. Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konsertdən əvvəl onun iştirakçıları ilə İtaliyanın görkəmli ziyalıları və mədəniyyət xadimlərinin görüşü keçirilib. Görüşdə Roma Akademik Filarmoniyasının prezidenti Silvio Kapelleto, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Toskanini Fondunun bədii rəhbəri Luiji Ferrari və dirijor Əyyub Quliyev çıxış ediblər.

Görüşdən sonra keçirilən konsertin proqramına isə maestro Sinopolinin 2001-ci ilə verdiyi son konsert zamanı dirijorluq etdiyi Rixard Vaqnerin “Ziqfrid İdilliya”sı, Frans Şubertin 3-cü simfoniyası və Cüzeppe Sinopolinin müəllifi olduğu Fortepiano konserti – “Kammerkonzert” əsərləri daxil idi. Fortepiano konsertinin solo partiyasını mərhum dirijorun həyat yoldaşı, beynəlxalq müsabiqələr laureatı Silviya Kappellini-Sinopoli ifa etmişdir. Konsert böyük marağa səbəb olub və İtaliya Dövlət Radiosunun (RAI 3) birbaşa efiri vasitəsilə canlı yayımlanıb.
Aprelin 15-də isə İspaniyanın paytaxtı Madridin “Kolumnas” Teatrında Əyyub Quliyevin Toskanini Filarmonik Orkestri ilə növbəti konserti olub. Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdən əvvəl Toskanini Fondunun prezidenti Maurisio Roy, habelə Madriddə İtaliya Mədəniyyəti İnstitutunun prezidenti Karmelio Di Cennaro giriş sözü ilə çıxış etmişlər. Azərbaycanlı dirijor və italyan orkestrinin ifasında konsertin sonunda səslənən Şubertin 3-cü simfoniyası tamaşaçıların gurultulu alqışları ilə qarşılanmış və ifaçılar dəfələrlə səhnəyə dəvət olunublar.

Madriddən sonra növbəti konsertlər aprelin 17-də İtaliyanın Parma şəhərinin “Paqanini Auditorium” zalında, ayın 18-də isə Bolonya şəhərinin G.Mansoni Opera Teatrında keçirilib. Anşlaqla keçən konsertlər İtaliyanın kütləvi informasiya vasitələrində (“Gazetta di Parma”, “Musica Insieme” və “Corriere Della Sera”) geniş işıqlandırılıb.

Qeyd etmək lazımdır ki, Əyyub Quliyev 2010-cu ildə keçirilmiş Arturo Toskanini adına dirijorların IX Beynəlxalq festivalında “Qran-pri” və Sinopoli mükafatını qazanmış ilk azərbaycanlı dirijordur. O, son 20 ildə müsabiqənin tarixində ilk dəfə olaraq qalib adına layiq görülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar