Tiflisdə Axundov adına Mədəniyyət Muzeyinin binası bərpa edilir
20 Sentyabr 2011 Çərşənbə Axşamı 15:03
Cəlil Məmmədquluzadənin ev muzeyi isə adlandırıldığı gündən bağlıdır
Gürcüstanın paytaxtı Tiflisdə yerləşən böyük azərbaycanlı dramaturq Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin binasında yenidənqurma işləri aparılır. ANS TV-nin məlumatına görə, muzey isə müvəqqəti olaraq şəhərin başqa yerinə köçürülüb. Təmiri həyata keçirən şirkətin direktorunun sözlərinə görə, muzeyin binasında görülən bərpa işləri gələn ilin əvvəllərində başa çatacaq.
Tikinti şirkətinin direktoru David Cabua bildirir ki, işə ötən ilin noyabr ayından başlanılıb: “Gələn ilin yanvar-fevral aylarında isə muzeydə bərpa işlərini başa çatdırmalıyıq. Hazırda binanın dam örtüyündə, eləcə də içəridə bərkitmə işləri və xarici kommunikasiya işləri aparılır”.
Tiflisdə yerləşən digər Azərbaycan mədəniyyət ocaqlarından Cəlil Məmmədquluzadənin ev muzeyi isə uzun illərdir, daha doğrusu, adlandırıldığı gündən bağlıdır. Nəriman Nərimanovun ev muzeyi də üç il bundan əvvəl yenidən inşa olunmaq şərti ilə dağıdılıb. Amma bu günə kimi həmin yerdə inşa olunacaq binaların, eləcə də N.Nərimaorvun ev muzeyinin binasının təməlinə bir daş da qoyulmayıb.
Qeyd edək ki, bu muzeylər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin balansındadır.
DOSTLARINLA PAYLAŞ: