Tanınmış rejissor Biray Dalkıran 3 gün şəhərimizin qonağı olacaq.
Çalışqanlığı və imza atdığı uğurlu işlərilə tanınan Türkiyənin tanınmış rejissoru Biray Dalkıran dram sənədli filmi üçün Azərbaycana gəlib.
ANS PRESS-in məlumatına görə, "Əraf", "Cənnət", "Cəhənnəm 3D", "Mənə bir soyğun yaz", "Pəri nağılı", "Mələklərin möcüzəsi" kino filmlərinin, "Qazi", "Sübut" seriallarının və 100-dən çox klipin rejissorluğunu etmiş Biray Dalkıran yeni layihəsi üçün Azərbaycana gəlib.
Tətili sevməyən və uğurları ilə tanınan rejissor Biray Dalkıran son çəkdiyi "Seni Seviyorum Adamım" adlı kino filmindən dərhal sonra yeni layihəsi olan dram sənədli filminin çəkilişlərinə başlayıb.
Çəkilişlər üçün ilk olaraq Pekinə gedən Biray Dalkıran yaradıcı heyətlə birlikdə başladığı işi Pekindən başlayaraq Londonda sona çatdıracaq. Sənədli filmin ilk çəkilişlərinin Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində çəkilməsi planlaşdırılıb.
Ötən gündən paytaxtımızda olan rejissor, artıq Bakıda ilk çəkilişlərə də başlayıb. O, bu barədə sosial şəbəkədə məlumat verib. Hələ 3 gün şəhərimizdə qonaq olan rejissor, həmçinin paytaxtımızdan və onun qonaqpərvərliyindən razılığını qeyd edib.