Tanınmış opera müğənnisi Firəngiz Əhmədova ilə vida mərasimi keçirilib
17 Dekabr 2011 Şənbə 14:58
Opera və Balet Teatrında Azərbaycanın tanınmış opera müğənnisi, SSRİ xalq artisti Firəngiz Əhmədova ilə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Elçin Əfəndiyev bildirib ki, F. Əhmədova Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biridir: “Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Firəngiz Əhmədova Azərbaycan opera sənətinin inkişafında misilsiz xidmətlərə malik sənətkar idi. Onun yaradıcılığında milli və bəşəri çalarlar vəhdət təşkil edirdi. Firəngiz xanım bir tərəfdən Nigar, Sevil, Nərgiz, Gülzar, digər tərəfdən Aida, Toska obrazlarını məharətlə ifa edib. Firəngiz Əhmədova Azərbaycan romanslarının misilsiz ifaçısı idi. O, Azərbaycan mədəniyyətinin böyük bir epoxasının son mogikanlarından biri sayılırdı”.
Azərbaycanın xalq artisti Canəli Əkbərov isə bildirib ki, bu gün səhnəmizin Nigarı, Sevili bizimlə vidalaşır: “Bu, milli musiqi mədəniyyətimiz üçün böyük itkidir. Çox şadam ki, mən də bu gözəl insanla birgə işləmişəm. 30 il ərzində onun fəaliyyətinin, gözəl xarakterinin şahidi olmuşam. Firəngiz Əhmədovanın səsində özünəməxsus milli parlaqlıq vardı. O öz səsi ilə opera sənətinə möhür vura bildi”.
SSRİ xalq artisti Fidan Qasımova isə bildirib ki, F. Əhmədova Azərbaycan vokal sənətində çox böyük iz qoyub: “Onun ölüm xəbərinə inanmaq çox çətindir. Firəngiz Əhmədovanın səsi çox gözəl, lirik, romantik, sopranoya malik idi. O, opera üçün ən çətin sayılan qadın obrazları oynayıb”.
Qeyd edək ki, F. Əhmədova dekabrın 16-da vəfat edib. Mərhum vida mərasiminin ardınca I Fəxri xiyabanda dəfn olunacaq.
Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946-1951 illərdə Azərbaycan Radiosu Xorunun, 1951-88 illərdə isə Dövlət Opera və Balet Teatrının solisti olub.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edib.
Əsas partiyaları Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puc¬cini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. - dir
Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını ustalıqla ifa edib.
F. Əhmədova 1989-cu ildən Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Soveti (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub, "Şöhrət" ordeni ilə təltif edilib.
DOSTLARINLA PAYLAŞ: