Tanınmış musiqiçi Azad Əliyev ürək çatışmazlığından dünyasını dəyişib.
Azərbaycan dirijoru, əməkdar incəsənət xadimi, professor Azad Əliyev 63 yaşında vəfat edib.
Maestronun yaxınları Trend-ə bildiriblər ki, tanınmış musiqiçi ürək çatışmazlığından dünyasını dəyişib.
Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib. Pedaqoji fəaliyyətə 1960-cı ildə 6 №-li musiqi məktəbindən başlayıb. A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olub. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orketstrlə müxtəlif konsertlərdə çıxış edib.
1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb. Pedaqoji fəaliyyəti ilə yanaşı, ifaçı kimi də fəaliyyət göstərib. Eyni zamanda, Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera studiyasında dirijor kimi bir çox opera tamaşalarını - "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlayıb. 1994-cü ildən Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən isə Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi olub. 2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik Orkestrinin və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin II dirijoru vəzifəsində çalışıb.2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib.
"Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir. 2006-cı ildən "Azteleradio" Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb.
Aşağıda A.Əliyevin martın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri ilə son çıxışından fotolar təqdim olunub.
A.Əliyevlə vida mərasimi sabah saat 12:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək.
Allah rəhmət eləsin!