Bu gün M.F.Axundov adına Milli Kitabxanada Şuşa rayon İcra Hakirmiyyəti, Şuşa Mədəniyyət və Turizm idarəsinin və Şuşa Təhsil mərkəzinin birgə təşəbbüsü ilə «Şuşa Qarabağın tacıdır» adlı sərgi keçirilib. ANSPRESS-in məlumatına görə, sərgidə Şuşa şəhərinin tarixi və mənzərəli yerlərini əks etdirən rəsm əsərləri, Şuşa və Qarabağ mövzusunda yazılan kitablar nümayiş etdirilib.
Kitablar arasında Nazim Tapdıqoğlunun «Qarabağın tacı Şuşa» , Pərviz Axundbəylinin «Şuşa həsrəti», Vasif Quliyevin «Əgər Şuşalısansa», Səyavuş Məmmədzadənin «Şuşanı qar gördüm», Yaşar Qarayevin «Xarıbülbülün nağılı», İlham Xudiyevin «Şuşadan şəhidlər xiyabanına», Mir Mövsün Nəvvabın «Divan», Xurşudbanu Natəvanın qəzəlləri və digərləri sərgiyə gələnlərin böyük marağına səbəb olub. Sərgiyə gələnlərin bir çoxu xarı bülbülün rəsm tablosunun yanında dayanaraq şəkil çəkdirib.
Sərginin açılışı elan olunmamışdan öncə kitabxananın direktoru Kərim Tahirovun təklifi ilə Şuşanın işğal günündə və bu il aprelin 30-da Neft Akademiyasında baş verən faciə zamanı həlak olanların xatirəsi 1 dəqiqə sükutla yad edildi. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov, Şuşanın icra hakimi Bayram Səfərov, millət vəkili Həvva Məmmədova və Aqil Abbas çıxış etdilər. Çıxış edənlər böyük mədəniyyət mərkəzi Şuşanın heç zaman unudulmayacağını bildirməklə yanaşı ən yaxın zamanlarda geri qaytarılmasını arzu etdilər. Sərgi iştirakçıları bu kimi təbliğat xarakterli tədbirlərin problemin həllində əhəmiyyətli rol oynadığını da vurğuladılar.
Sərgidə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin də iştirak etməsi gözlənilirdi. Lakin o, tədbirə qatılmadı.
Elşad Məmmədov /ANS PRESS/