Səyyar sirk ustaları rayonlarımızı gəzir
29 Sentyabr 2010 Çərşənbə 14:05
"Fantaziya" sirk qrupu Ağstafada şou proqramla çıxış edib.
Səyyar sirk ustaları Azərbaycanın qərb bölgəsinin qonağı olub. "Fantaziya" adlanan sirk qrupu Ağstafa mərkəzi stadionunda rəngarəng şou proqramla çıxış edib.
"Fantaziya" sirkinin direktoru Mirzə Abbasov çıxışlarının insanların, xüsusən də uşaqların inkişafına çox yaxşı təsir göstərdiyini deyib: "Tələbat var, insanlar çox şaddır. 2 saat müddətində insanlar istirahət edir. Analar, atalar, nənələr, babalar - yaş fərqi olmadan hamı bizim şoulara böyük həvəslə gəlir".
"Fantaziya" sirki 20 günlük qastrol səfəri çərçivəsində Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Gəncə, Qax, Zaqatala, Balakən, eləcə də başqa şəhər və rayonlarda çıxış edəcək.
Fantaziyasevərlər ağstafalılara müxtəlif nömrələr nümayiş etdirib. Akrabatlar, şən klounlar və müxtəlif gözbağlayıcı səhnələri tamaşaçılar maraqla qarşılayıb. Əlbəttə ki, sirki əhilləşdirilmiş heyvanlarsız təsəvvür etmək mümkün deyil. İlanlar və ekzotik quşlarla edilən çıxışlar balaca tamaşaçıları təəcübləndirdiyi qədər də sevindirib.
Sirk ustalarının ifa etdiyi ərəb rəqsləri isə proqrama daha bir rəngarənglik bəxş edib. Şüşə üzərində və şamlarla rəqs edən aktyorlar alqışlarla qarşılanıb.
Sirk ustaları arasında ukraynalı aktyorlar da çıxış edib. 15 nəfərlik yaradıcı heyət uşaqlarla bərabər, böyüklərə də xoş istirahət və maraqlı anlar yaşadıb. Sirk ustaları 2 gün ağstafalıların qonağı olub.
Onların növbəti səfəri isə Qazaxadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: