Sentyabrda Azərbaycanda növbəti musiqi festivalına start veriləcək
14 Avqust 2010 Şənbə 18:05
Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək.
Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş möhtəşəm musiqi festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə festivala sentyabr ayında start veriləcək. Festival dahi bəstəkarın yubileyinə həsr olunmuş tədbirlərlə, ilk növbədə, Heydər Əliyev Sarayında keçiriləcək təntənəli mərasimlə başlanacaq.

Tədbirə dünyanın 10-dək ölkəsindən tanınmış ifaçılar və musiqi qrupları qatılacaq. Türkiyəninn “Afyon” xor kollektivi, İsvecrənin “Amalteya” instrumental qrupu və digər musiqiçilər tamaşaçılar qarşısında maraqlı layihələrlə çıxış edəcəklər. Festival çərçivəsində ilk dəfə olaraq “Dörd royalın təntənəsi” layihəsi təqdim olunacaq.

Tədbirlərdə respublikamızın teatr kollektivləri də fəallıq göstərəcəklər. Həmin günlərdə Azərbaycan Dövlət Opera və Balet Teatrı, Dövlət Musiqili Komediya Teatrı yeni tamaşalar təqdim edəcək, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı yeni variantda “O olmasın, bu olsun” tamaşasını, Dövlət Pantomima Teatrı isə “Dulusçu” səhnə əsərini nümayiş etdirəcəklər. Musiqi bayramı çərçivəsində Qarabağ bölgəsinə səfər də nəzərdə tutulub. Ağcəbədi rayonundakı muğam mərkəzində dahi bəstəkarın “Arşın mal alan” operettasına yazdığı musiqilərdən ibarət konsert veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar