Sənətin münəvvəri
13 İyun 2010 Bazar 12:00
Səməd Kələntərli bibisi Münəvvər Kələntərli barədə.
Onu tez-tez xatırlayıram. Duzlu-məzəli zarafatları, şirin-şəkər söz-söhbətləriylə yanlanır xəyalımda. Yaddaşımda həmişə son dəfə gördüyüm kimidir: gülüşündən, danışığından həyat eşqi yağan, hələ cavan, gümrah, gözəl qadın, şöhrətli xanəndə, aktrisa, mənim üçün isə bunların hamısından qabaq sevimli bibi - Münəvvər Kələntərli.
Böyük bir nəslin soyadını daşıyırdı. Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb. Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb - Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və sonbeşik Münəvvər. Evin böyük övladının - Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, kiçiyininkinə isə 1912-ci il yazılıb. Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı.
Kələntərlilərin əksəriyyəti sağlam görünüşlü, fiziki cəhətdən güclü olublar. Babam pəhləvan imiş. Cabbar əmim yaxşı güləşçi sayılırmış. Bir də Kələntərlilər nəslində, demək olar, hər kəs bu dünyaya gözəl səslə gəlir. Amma Haşım Kələntərliyədək bu İlahi vergini heç kəs xanəndəliyə həsr eləməyib. Heç əmim də bu barədə düşünməyib. O, əvvəlcə mollaxanaya gedib, ərəb-fars dillərini öyrənib, Qurani-Kərimi başa çıxıb. O dövrdə Lənkəran mühitinin imkan verdiyi qədər təhsil görəndən sonra, gözəl təbiətə malik Haftani kəndində müəllim işləyib. Onyeddiyaşlı, gözəl Münəvvər bibim isə o vaxt gələcək qismətindən xəbərsiz ata mülkündə yaşayırmış. Ancaq o zaman musiqisevərlər artıq Kələntərlilər soyadını səhnədən, radio dalğalarından eşidirdilər. Bu soyadı tanıdan əslən şamaxılı Yavər Kələntərliydi. Yavər nənə (uşaqlıqda biz onu belə çağırardıq) atamgilin əmisi oğlu, sonralar kimya elmləri doktoru olmuş Xudaverdi Kələntərlinin həyat yoldaşıydı. Bizim ocağa gəlin gələndən sonra qızlıq soyadı Zamanovanı dəyişmişdi.
Yavər nənəgilin Lənkərana hər gedişi bibimgil üçün əsl toy-bayram olub. O, Kələntərlilərin sevimlisiydi. Bir gün Lənkəranda şadlıq məclisinə yığışırlar. Haşım əmidən oxumasını xahiş edirlər. O da bir "Segah" başlayır. Əmimin səsi Yavər Kələntərlini sanki sehrləyir. Ondan soruşurlar:
- Ay Yavər, yeməyin yarımçıq qaldı. Nə olub, niyə yemirsən? Bəlkə xəstələnmisən?
- Yox, xəstə-filan deyiləm. Bu səsi eşidəndən sonra adamın boğazından tikə keçər?
Məclis başa çatır. Yavər nənə Haşım əmimlə ciddi danışır:
- Sənin səsin buralıq deyil. Bakıya gəl, böyük səhnələrdə oxu.
Yavər nənənin bir sözünü Kələntərlilər iki etməzdilər. O, sonralar Xudaverdi əmimdən ayrıldı. Ancaq özünün qızlıq soyadına heç vaxt qayıtmadı. Əvvəlcə yeganə oğlu Şahbazın sözünü yerə salmadı. Oğlu 17 yaşında dünyadan köçəndən sonra da "Balamın soyadıdır, onun xətrinə heç zaman dəyişmərəm", - dedi. Sonunadək dəyişməyən bir də Yavər nənəyə Kələntərlilərin göstərdiyi hörmət, məhəbbət oldu. Onunla həmişə məsləhətləşər, fikirləriylə hesablaşardılar. O vaxt, yəni 1930-cu ildə Haşım əmi də Bakıya əmisi gəlininin təklifiylə gəlib. Əvvəlcə Filarmoniyada oxuyub. Çox keçməyib, Opera Teatrına dəvət olunub. Orada "Leyli və Məcnun" tamaşasında Məcnunun atası rolunda çıxış edib. Sonra Akademik Dövlət Dram Teatrına çağırıblar. Teatrın səhnəsində tamaşaya qoyulan Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasında Kor Ərəbin mahnısını, Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesində "Azad bir quşdum" mahnısını oxuyub. Radio Verilişləri Komitəsində işləyib.
Böyük oğlu gələndən sonra altmışyaşlı nənəm də Lənkəranda qalmaq istəməyib. Uşaqlarıyla Bakıya köçüb. Əzizbəyov adına doğum eviylə üzbəüz mülk alıb orada yaşayıblar. Lənkəranda bircə böyük bibim Xanımbacı qalıb. O vaxt onun artıq öz ailəsi, evi-eşiyi varmış.
Münəvvər bibimin çox gözəl səsi olduğunu bilən Yavər nənə onu da oxumağa həvəsləndirir. On yeddi-on səkkiz yaşlı Mina üçün yenicə gəldiyi şəhərdə ən doğma yer Opera Teatrı olur. Çünki qardaşı Haşım da, çox sevdiyi Yavər də orada oxuyurdular. Yavər nənənin köməkliyi ilə bibimin səsini yoxlayan sənətkarlar onun sənət aləminə gəlişinə xeyir-dua verirlər. Doğrudur, o dövrdə səhnəyə çıxmaq gənc qızlar, gəlinlər üçün çox çətin idi. Amma bibimin bu barədə bəxti gətirir. Onun doğulub-böyüdüyü ailədə hamı musiqi, sənət vurğunuydu. Evdəkilərdən heç bir maneə görmədən səhnəyə çıxan bibim oxumağa başlayır.
Tezliklə radio dalğalarından diktorun səsi gəlir: "Konsertimizə başlayırıq. Oxuyurlar Haşım və Münəvvər Kələntərlilər". Bacı-qardaşın ifa etdiyi xalq mahnıları, muğamlar dinləyiciləri heyran qoyur. Çox keçmir, bibimin başqa xəyalı da gerçəkləşir. Onu Opera Teatrına işləməyə dəvət edirlər.
Bakıda aldıqları mülklərində əvvəlcə birlikdə yaşayırlar. Nənəm və beş bacı-qardaş. Evdən birinci ayrılan Cabbar əmim olur. Ona işlədiyi Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən nənəmgilin mülkünə yaxın yerdə mənzil verirlər. Sonra Haşım əmim ev alıb köçür. Onun ardınca da Münəvvər bibimə Üzeyir Hacıbəyov küçəsində ikiotaqlı mənzil verirlər.
Lənkəranlıların əksəriyyəti şirin danışan, zarafatcıl olur. Kələntərlilər isə oranın ən deyib-gülməyi sevən adamlarındandır. Bibim də xasiyyətcə çox şəniydi. Ortaboylu, dolubədənli, yarlı-yaraşıqlı, xanım-xatın ədalı, gözəlsəsli Minanın əsl yeri Musiqili Komediya Teatrıydı. Bu, sənətkarların da diqqətindən yayınmır. Bibimi həmin teatra çağırırlar. Ona müxtəlif xarakterli komik rollar həvalə edilir.
Uşaqlıq illərimdən, az qala, oynadığı bütün tamaşalara baxmağa gedirdim. Roldan-rola necə dəyişdiyi, başqalaşdığı məni heyrətə gətirirdi. "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "O olmasın, bu olsun"da Sənəm, "Gözün aydın"da Gövhər, "Qızılaxtaranlar"da Xədicə, "Ulduz"da Tamam və daha neçə-neçə rolları ustalıqla yaradırdı. Səhnədəki hər görkəmiylə doğma, baxımlı, maraqlıydı. Sanki oynadığı bütün obrazlar, necə deyərlər, boyuna biçilmişdi. "Hacı Kərimin Aya səyahəti"ndə aktrisa Nəsibə Zeynalovayla dublyor idilər. Bibim Lütfəli Abdullayevin, Nəsibə xanım isə Bəşir Səfəroğlunun tərəf-müqabili kimi çıxardı səhnəyə.
Ailə qurandan 25 yaşı olub. Sevib-seçdiyi Ənvər qusarlıydı. 1938-ci ildə qızları dünyaya gəlir. Kələntərlilər nəslində o zamanlar yazılmamış qanun vardı: yeni doğulan körpəyə adı mütləq nəslin ağsaqqalı kimi Haşım əmim verərdi. O, 82 il yaşadı. Bu dünyada sağ olduqca da, belə oldu. Haşım əmi dura-dura övladına ad seçməyi Kələntərlilərin heç biri hətta ağlına belə gətirməzdi. Elə Münəvvər bibimin qızına da o ad qoyur: Validə.
Minayla Ənvər bir-birlərini çox istəsələr də, evlilik həyatları uzun sürmür. Ayrılmalarının səbəbi bibimin sənətinə bağlılığıydı. Ənvər Qusarda yaşayırdı. Orada baytar işləyirdi. Bibimi dilə tutur ki, mənimlə gedək. Ancaq o, razılıq vermir:
- Bəs mənim sənətim necə olsun?
- Rayonda hamı tanıyır məni, adım-sanım, hörmətim var. Həyatımız çox rahat, firavan keçəcək.
- Qusarda yaşayan idimsə, elə Lənkəranda qalardım. Hər gün səhər Bakıya işə gəlib, axşam Qusara gedə bilmərəm axı. Orada yaşasam, hökmən sənətimdən əl çəkməliyəm. Bunu edə bilmərəm.
Validə balacaykən ayrılırlar. Bibim ondan sonra ailə qurmadı. Elə Ənvər də axıradək unuda bilmədi Minanı. Aralarındakı hörməti sonadək qorudular. Ənvər hərdənbir gəlirdi Bakıya. Qızına rayondan çoxlu sovqat gətirirdi. Validə də atasını çox istəyirdi. Ənvərin bacıları da arabir gəlirdi bibimgilə. Tez-tez zəng vurub hal-əhval tuturdular. Ancaq hər halda, qızının bütün qayğılarını bibim çəkirdi.
Böyük Vətən müharibəsi illərində müğənnilərin, aktrisaların bir çoxu kimi o da səngərlərə, hospitallara gedir. Döyüşçülərin qarşısında verilən konsert proqramlarında, səhnəciklərdə çıxışlar edir. Oxuyur, oynayır, əsgərlərə müvəqqəti də olsa, bu dünyanın vaxtsız ölüm, faciə üzünü unutdurur. Ancaq çoxları kimi səhnəyə qəlbi qan ağlaya-ağlaya çıxır. Döyüşçülərə baxa-baxa qardaşı Cabbarı düşünür. Ürəyində hey özünə suallar verir: "Görəsən, indi hardadır? Başına nələr gəlib? Sağdırmı?". Yaralı, qolunu-qıçını itirmiş gənc döyüşçüləri gördükcə, bədbin fikirləri başından qovub, uzaqlaşdırmağa çalışır. Cabbarın cəbhədən əvvəlki kimi güclü, şən dönəcəyi günün xəyalını qurur. Ancaq müharibə bütün ümidlərini boşa çıxarır. Qardaşını bir də heç zaman görmür. Cabbar döyüşlərdə həlak olur.
Baxmayaraq ki Münəvvər Kələntərli dövrünün tanınmış, həddindən artıq sevilən aktrisalarındanıydı, amma bugünkü nəslin yaddaşında onu daha canlı şəkildə yaşadan kinofilmlərdə oynadığı obrazlardır. Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa - Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı.
"Arşın mal alan" filmin yaradıcı heyəti üçün uğurlu oldu. 1946-cı ildə Moskvada ictimai baxış keçirildi. Əsər yüksək dəyərləndirildi. "Arşın mal alan" filmindəki ifasına görə mükafat alanlar arasında Münəvvər Kələntərli də var idi. O, SSRİ Dövlət Mükafatına layiq görüldü. Bundan sonra kino-studiyaya ayaq açdı. İllər keçdikcə, yaradıcılığına başqa filmlər - "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Görüş" filmləri yazıldı. Bu kinoların çəkilişlərində maraqlı, yaddaqalan hadisələr baş verirdi. "O olmasın, bu olsun" filmində belə bir səhnə var: Sənəm, yəni Münəvvər Kələntərli, qapının arasından baxır, qəflətən qapı açılır. O yıxılır. Həmin səhnədə, yerə yıxılanda çeçələ barmağı sınmışdı.
Kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də rejissor Ədil İsgəndərov deyərmiş ki, Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir.
Kino sənətində yaratdığı hər obrazda həyatdakı Münəvvər Kələntərliyə bənzərliklər var. "Arşın mal alan"dakı Xalaya məxsus şirinlik, şuxluq, səmimiyyət, "Bəxtiyar"dakı Gülcahanda olan canıyananlıq, "Görüş"dəki Münəvvərə xas ötkəmlik, yeri gələndə sərtlik, uzaqgörənlik…
Çox əliaçıq, səxavətliydi. Heç vaxt kimsənin qapısını paysız döyməzdi. Həssasıydı. Hamını anlaya bilirdi. Bir qızı var idi. Ancaq bütün uşaqlara öz balası kimi baxardı. O bizim üçün qardaş-bacılarının uşaqları üçün elə bil, kinoda, teatr səhnəsində gördüyümüz Xalaydı. Həmişə təəccüblənərdik: Mina nə düşündüyümüzü necə başa düşür? Sanki ürəyimizdən keçənləri gözlərimizdən oxuyardı. Bacısı Humra 48 yaşında vəfat etdi. Uşaqları anasız qaldılar. Novruz Bayramı gəlmişdi. Uşaqları ilk dəfəydi, bayramı Humra bibimsiz qarşılayırdılar. Qızları öz otaqlarına çəkilib analı günlərinin xiffətini edirlər: "Hər il Novruz gecəsi anamız bura gələr, bizə hədiyyələr qoyub gedərdi". Səhər yuxudan oyanan qızlar gözlərinə inana bilmirlər. Kimsə gecəylə gəlib onların hər birinin çarpayısının yanındakı stulun üstünə bayram sovqatları, təzə paltarlar, çəkmələr qoyub getmişdi. Hədiyyələr elə seçilmişdi ki, sanki onları yenə Humra bibim özü bəyənib almışdı. Sonradan öyrəniblər ki, bunları eləyən Minadır.
Bibim sadə, şən qadınıydı. Amma bəzi obrazlarında məharətlə yaratdığı sadəlövhlükdən çox-çox uzaqıydı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Necə deyərlər, quşu gözündən vurardı. Çoxlu dostu vardı. Amma ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Teatrın özündə elə adamlar var idi ki, onlarla yalnız salamlaşmaqla kifayətlənərdi. Tacikistanda olanda oranın xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Bibim Bakıya qayıdandan bir müddət sonra o bura gəldi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın Minanın evində qaldı. Bibim onu doğma balasından ayırmırdı. Sonralar Leyla Şərifova Almaniyada yaşayırdı. Azərbaycan barədə danışanda hər zaman deyirdi: "Mənim orada bir anam var idi"...
Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, xanəndə Məmməd Salmanovun həyat yoldaşı Ədilə xanım, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova bibimlə yaxın rəfiqələriydilər. Tez-tez ya Münəvvər bibimgildə, ya da əmimin Maksim Qorki küçəsindəki mənzilinə yığışar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Uduş pulluydu. Ən gülməlisi də o olardı ki, həmişə bir abasıdan, beş, yaxud on qəpikdən oynayardılar. Haşım əmimə bacı-qardaşları "Adaşı" deyərdilər. Rəfiqələri də bibimin diliylə onu "Adaşı" çağırardılar.
Uşaqlıq, gənclik illərimdə şahidi olduğum o sənətkarların həyatı indi də məni heyrətləndirir. Günlərini maraqlı keçirirdilər. Sevinməyə həmişə səbəb tapırdılar. Çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı. Onlar sənətdə yetişmək üçün yan qoymuşdular. Artıq şöhrətləri, ad-sanları, fəxri adları var idi. Ancaq sənətə ilk başladıqları günlərin həyəcanı ilə çıxırdılar səhnəyə. Öz işlərinə çox məsuliyyətlə yanaşardılar.
Bir də görürdün, kişili-qadınlı böyük dəstə yığışıb harasa getdi. Qastrola, kino çəkilişlərinə yox ha, elə-belə, istirahət etməyə. Mina hərdən iyirmi-iyirmi beş nəfəri özüylə Lənkərana - bacısı Xanımbacı bibimin evinə qonaq aparardı. Gəzib-dolanır, çalıb-oxuyur, deyib-gülürdülər. Axşam olanda böyük eyvanda yer açırdılar. Ancaq səhərədək yatan kimiydi? Arabir sükut çökərdi. Açıq pəncərədən sakit yay gecəsinin ulduzları sayrışardı. Birdən kiminsə səsi gəlirdi: "Ordan mənim eynəyimi verin, yata bilmirəm. Gözlərimə gün düşür". Hamı başlayırdı gülməyə.
Ad günləri əsl bayram olardı. Məclis qurulardı. Haşım əmi başlayardı oxumağa, oğlu Aydın da tarda müşayiət edərdi. Onun ardınca bir-birinin ağzından ala-ala Münəvvər bibim, Yavər nənə, Şövkət Ələkbərova, Sara Qədimova və başqaları oxuyardılar. Aləm qarışardı bir-birinə. Məclis uzanardı. Heç bir musiqi məclisi, konsert o ad günləri qədər maraqlı ola bilməz...
1939-cu il idi. Filarmoniyada verilən konsert başa çatır. Münəvvər bibim Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür:
- Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə ada salmırsan?
Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir:
Həqiqətinlə Cahan parlayır Sürəyyatək,
Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm.
Bibim mehriban, şən, şux olduğu qədər də ötkəm, zəhmliydi. 1953-cü ildə onu "Vətən" kinoteatrına direktor müavini təyin etdilər. O vaxtlar Bakıda hind filmləri dəbdəydi. Kinoteatrların qarşısında adam əlindən tərpənmək olmurdu. Tay-tuşlarımın çoxu mənə həsəd aparırdı. Çünki bibim direktor müavini olduğundan, biletsiz bütün filmlərə baxa bilərdim. Kinoteatrın qapısının ağzında dayanıb, kassanın qabağındakı növbəyə baxardım. Ağız deyəni qulaq eşitmirdi. Növbədəkilər basabas salır, bir-birlərini itələyirdilər. Yazıq bilet satan qadın da qalırdı çıxılmaz vəziyyətdə, bilmirdi neyləsin. Birdən Münəvvər Kələntərli görünərdi. Növbə üstündə qalmaqal salanlara eynilə "Görüş" filmindəki Münəvvər kimi acıqlanardı:
- Orda nə səs-küydür? Nə olub?
O dəqiqə səslər kəsilərdi. Hamı sakitcə sıraya düzülüb, növbəylə kassaya yaxınlaşardı. Satıcı qadın sevinərdi:
- Münəvvər xanım, nə olar, getməyin. Siz içəri keçən kimi yenə başlayacaqlar qırğın salmağa.
Bibim gülərdi:
- Bir balaca yer var, ordan sən biletləri verib pulları alırsan. Mən harada duracağam?
Kinoteatra direktor müavini göndəriləndən sonra teatrdan getdi. Amma filmlərə çəkilirdi.
Tez-tez bibimgildə keçən günlərimi xatırlayıram. Onun evinin pəncərəsindən yay teatrı görünürdü. Biz uşaqlar pəncərənin qabağında oturub, bibimin isitdiyi peçenyelərdən yeyə-yeyə ora baxardıq. Evdarlığı barədə ağızdolusu danışa bilmərəm. Yemək bişirməklə, ev işləri görməklə arası yoxuydu. Heç buna vaxtı da qalmırdı. Rayonlara qastrollar, tamaşalar, çəkiliş meydançaları, sonralar həm də televiziya verilişləri. Ancaq evdə bir iş görsəydi, hamıya göstərər, özünü tərifləyərdi.
Mina sağlam qadınıydı. Düzdür, gənc yaşlarında cərrahiyyə əməliyyatından keçmişdi. Həkimlər böyrəyinin birini götürməli olmuşdular. Sonralar heç xəstələnib eləməzdi. Ancaq başıbəlalı oldu. Moskvaya kino çəkilişinə gedəndə orada sancısı tutur. Xəstəxanaya gedir. Müayinə edən həkimlər: "Korbağırsağınızda cərrahiyyə əməliyyatı lazım olacaq", - deyirlər. Çəkilişlər başa çatandan sonra gəlirlər Bakıya. Yayda Daşkəsənə film çəkilişlərinə getməliydi. Elə gözləyirdi ki...
Moskvadan gələndən sonra bir dəfə də ağrısı tutmadı. Özünü gümrah hiss edirdi. Amma çox narahatıydı. Qorxurdu ki, Daşkəsəndə sancıları başlayar, həm film çəkilişləri qalar yarımçıq, həm də ucqar yerdə, xəstəxanadan uzaqda çətin vəziyyətə düşər. Düşünüb-daşındı. Qərara gəldi ki, yayadək cərrahiyyə əməliyyatından keçsin. 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. Yoxlamalardan keçdi. Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, bibimi yaxından tanıyırdı, Haşım əminin dostuydu. Onu arxayın salmışdı: "Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam".
Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Bibim heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Gülə-gülə əməliyyata yollandı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü. Üzünü Haşım əmimə tutdu:
- Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır.
Humra bibimin qızı Nanə təəccüblə Haşım əmidən soruşdu:
- Dayı, necə yəni böyrəyini yoxladım?
Cərrahiyyə əməliyyatından sonra bibim ikicə gün yaşadı. Huşsuz vəziyyətdəydi. Bir dəfə də özünə gəlmədi. Professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı. Həm korbağırsağı kəsəndən sonra düzgün tikməmişdi, həm də qalan böyrəyi zədələmişdi.
O iki gün həyatımızın ən ağır günlərindəniydi. Görkəmindən sağlamlıq yağan, gözəl, xanım-xatın Minamız gözümüz görə-görə əlimizdən gedirdi. Ancaq bunu heç cür ağlımıza sığışdıra bilmirdik. Hamımız heyrət içindəydik. Qohumlar onu bircə an da olsun yalqız qoymurdular. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsini gözləyirdi. Qəzetdə məlumat çıxmalıydı. Elə hey sayıqlayır, rabitəsiz sözlər danışır, heç nə eşitmirdi. Buna baxmayaraq, qəzetdə çap olunmuş məlumatı ona oxudular. Bilmirəm, başa düşdü, ya yox.
Gözləyirdik, bəlkə özünə gəldi, heç olmasa, nəsə dedi. Amma həkimlər bilirdilər ki, o öləcək. Cərrahiyyə əməliyyatından iki gün sonra Minanın yanında qalan Nanə görür ki, onun rəngi dəyişdi. Əlini alnına qoyur. Buz kimiydi. Hövlnak professorun yanına qaçır:
- Bibimin halı xarablaşdı.
- Bilirəm. Təşvişə düşməyin.
Həkimin otağından çıxan Nanə tez qohum-qardaşa zəng etməyə başlayır. Hamı tökülüşüb gəlir. Hələ inana, qəbul edə bilməsək də, olan-olmuşdu. Bibim gözlərini həmişəlik yummuşdu. Kələntərlilərin ağsaqqalı sayılan Haşım əmi bibimin cərrahiyyə əməliyyatını yanlış aparan professora heç nə demədiyi üçün hamı susmalı oldu.
50 yaşı yenicə tamam olmuşdu bibimin. Üç-dörd ay qabaq yubileyi Musiqili Komediya Teatrında təntənəylə qeyd edilmişdi. Teatrın ozamankı direktoru, bəstəkar Süleyman Ələsgərovdan tutmuş, ən adi işçiyədək hamı xətrini istəyirdi. Çünki özü yaxşı insanıydı, durduğu yerdə kiminsə qəlbinə toxunmazdı. Elə yəqin, buna görəydi ki, sağlığında hamı onun ətrafına yığışardı. O gün isə Münəvvər Kələntərlinin başına toplaşanların sayı-hesabı yox idi. Dəfn mərasimi əsl nümayişə dönmüşdü. O gün Musiqili Komediya Teatrının səhnəsi bütünlüklə Münəvvər Kələntərlininiydi. Adı çəkiləndə gözlərə şəfqət, dodaqlara gülüş qonan aktrisa həyatıboyu heç zaman etmək istəmədiyi bir işi görürdü. Adamları gülmək yerinə, ağladırdı. Bütün sənətkarlar vida mərasimindəydilər. Sənətin Münəvvəriylə vidalaşırdılar. Lütfəli Abdullayev uşaq kimi ağlayırdı. Aktyor Mobil Əhmədovla zarafatları vardı. Bibim ətli-canlı olduğundan, hərdən ona sataşardı: "Ay Münəvvər, bu nədir, ayaqüstə üzülürsən ki; yeməyinə fikir ver də". İndi Mobil Əhmədov də acı-acı göz yaşları tökürdü. Gülxar Həsənova qalxdı səhnəyə. Bacı qədər sevdiyi Münəvvər Kələntərliyə vida sözünü "Segah"la dedi. Səsindəki nalə, fəqan ürəkləri parçalayırdı. Salondakılar hamısı bir-birinə qoşulub hönkür-hönkür ağlayırdı. Həmişə şux gəzən Haşım əmimin sanki qəddi əyilmişdi.
Bibimin dəfninə Ənvər də, bacıları da gəldilər. 24 yaşlı Validəyə anasının vəfatı ağır təsir etmişdi. Atası sağ olsa da, həmişə yanına gəlib-getsə də, onun qayğısını çəkən bibim olmuşdu. O, Validəni təkbaşına böyütdü. Ancaq qızının toyunu görmədi. Validə olduqca gözəgəlimli qız idi. Ağıllı, savadlıydı. Ali təhsilli hüquqşünasıydı. Bibimdən fərqli olaraq səsi yoxuydu. Heç görkəmcə də anasına bir o qədər oxşamırdı. O da ayrı cür gözəliydi. Bibim kimi ağbəniz olsa da, daha çox atası tərəfə çəkmişdi. Amma taleyi anasına bənzədi. Onun kimi 50-yə illik ömür payı düşdü qismətinə. Heç övladı da qalmadı. Nə yaxşı, bibim xəbərsiz qaldı qızının başına gələnlərdən. Validəni anasının yanında - köhnə qəbiristanlıqda dəfn etdik.
Münəvvər Kələntərli sənətə gəldiyi gündən, ta sonadək bəxti üzünə güldü. Çox xoşbəxt sənətkar oldu. İstedadını bütün çalarlarıyla göstərməyə fürsət tapdı. Həm dramatik, həm komik aktrisa kimi sözünü dedi. İlahi səsi xalq mahnılarına, muğamlara yeni rəng qatdı. Ancaq həyat ona səadət payını ancaq sənətində verdi. Qadın xoşbəxtliyi olmadı. Gənc yaşında sevdi, sevildi. Ürəyincə olan evlilik qurdu. Həyat yoldaşıyla bir-birlərini başa düşürdülər. Tək bir məsələdə anlaşa bilmədilər.Ənvər Bakıya gəlmədi, bibim də Qusara getmədi. İstəməyə-istəməyə sevdiyi insandan, yeganə qızının atasından ayrıldı. Sonunda bircə balası da onun yoluyla getdi. O da xoşbəxt olmadı.
Amma sevgisini bol-bol verən teatr, kino sənəti Münəvvər Kələntərliyə həmişə vəfalıdır. Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə heyran qalırlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: