Sehnemizin sönmeyen ulduzu - Nesibe Zeynalova
20 Aprel 2013 Şənbə 19:41
Nesibe Zeynalovanın anadan olmasından 96 il ötur.

Onun adı çəkiləndə çöhrələrdə istər-istəməz səmimi bir təbəssüm yaranır. Görkəmli gülüş ustası, istedadlı aktrisa, səhnəmizin “Qaynana”sı - Nəsibə Zeynalova… Bu gün Azərbaycan teatrının və kinosunun sönməyən ulduzu Nəsibə xanımın anadan olmasından 96 il ötür. O, 1917-ci ildə aprelin 20-də teatra böyük önəm verən Kərbəlayi Cahangirin ailəsində doğulub.

Yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, onun incəsənət sahəsindəki bu cəhdi uğursuz olur. Amma özünə güvənən Nəsibə Zeynalova geri çəkilməyərək, Musiqili Komediya Teatrına üz tutur. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir.

Çox çətinlikləri adlayaraq, xalqın sevimli artistinə çevrilən Nəsibə xanım onu yüksəklərə qaldıran həmvətənlərini heç vaxt unutmurdu. Nəsibə Zeynalova üçün hansısa rolun böyük-kiçikliyi önəmli olmayib. O, ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan tamaşaçısı onun ifasında ən adi kolxozçu obrazına da dəfələrlə baxmaqdan yorulmaz.

Səhnəmizə saysız-hesabsız yaddaqalan obrazlar bəxş edən Nəsibə xanım gah mahir alverçi, gah əsl həyatda olduğu kimi, sədaqətli və mehriban dost, gah da zəhmli və deyingən qaynana olur. Artıq 9 ildir ki, görkəmli aktrisa həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o, hələ sağlığında ikən öz əbədiliyini qazanıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar