Səfurə Əlizadənin “Drip drop” klipinin məzmunu məlum olub
21 Aprel 2010 Çərşənbə 17:20
Azərbaycanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadənin ifa edəcəyi “Drip drop” mahnısının klipinin Ukraynanın paytaxtı Kiyevdə aparılan çəkilişləri başa çatıb.
APA-nın xəbərinə görə, S. Əlizadənin saytında klipin süjet xətti ilə bağlı məlumatlar, çəkilişlər zamanı yaradıcı heyətin qarşılaşdığı xoş hadisələr barədə məlumatlar verilib. Klipin rejissoru Rupert Ueynrayt bildirib ki, çəkiliş ümumilikdə 37 saat davam edib - birinci gün 16 saatlıq, ikinci gün isə 21 saatlıq çəkiliş həyata keçirilib: “Çəkilişdən əvvəl bu işin nəticəsinin necə olacağını bilmirdim. Amma mahnı çox xoşuma gəlirdi. Çəkilişdən sonra deyə bilərəm ki, mahnıdan başqa, müğənnini lap çox bəyənirəm”.
Azərbaycan təmsilçisinin stilisti Tanya Cill də Səfurə Əlizadə ilə işbirliyindən zövq aldığını söyləyib: “Səfurə çox istedadlıdır və onunla işləmək çox asandır. Biz ilk gündən bir-birimizi çox yaxşı başa düşdük. Klipdə studiya çəkilişi üçün parıltılı kokteyl paltarı, “Opera House”da aparılan çəkilişlər üçünsə qızılı naxışlı romantik zeytun rəngi paltardan istifadə etmişik”.
S. Əlizadənin xoreoqrafı JaGuel Nayt isə klipin süjetinin qarşılıqsız sevgi üzərində qurulduğunu diqqətə çatdırıb: “Klipdə qız sevsə də, oğlan sevmir. Bütün xoreoqrafiya qarşılıqsız sevgi üzərində qurulub. Burada həm modern, həm də urban üslubda rəqslərə üstünlük verilib. Səfurə çox gözəl rəqs edir”.
Qeyd edək ki, dünya ulduzları ilə əməkdaşlıq edən Rubert Ueynrayt, Tanya Cill və JaGuel Nayt ilk dəfədir eyni layihədə iştirak edirlər. Hər üç peşəkar S. Əlizadənin klip çəkilişi və hazırlığı üçün İTV, “Euromedia” və “Luxen Group of Companies” tərəfindən dəvət olunublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: