Səfurə Əlizadə: “Azərbayacana qalibiyyət gətirəcəyimə inanıram”
04 Mart 2010 Cümə Axşamı 17:30
Səfurə Əlizadə: “Mən Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək üçün əlimdən-gələni edəcəyəm.
Təmsilçi seçildiyimi biləndə çox sevindim. Bu cür məsuliyyətli bir işin məhz mənə həvalə olunması çox sevindiricidir”. APA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə deyib. O, Osloda yüksək nəticə əldə edəcəyini əminliklə qeyd edib: “Mən özümə inanıram. Bunu hətta bu müsabiqənin milli seçimlərinə qatılanda da özüm üçün dəqiqləşdirmişdim. Gücümü Osloda göstərəcəyəm”.
Səfurə Əlizadənin sözlərinə görə, Osloda ifa olunacaq mahnı saksafona uyğun olsa, o zaman saksafonla səhnəyə çıxacaq: “Qarşıma məqsəd qoymuşam və bu məqsədə çatmaq üçün ən çətin yola hazıram. Əminəm ki, yüksək nəticə əldə edəcəyəm və artıq qayıtdıqdan sonra məni alqışlarla qaşırlayacaqlar. Mən bunu gözləyirəm”.
İfaçı onun əleyhinə internetdə yaradılan qrupları və Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae Azerbaijan”ın onu dəstəkləməməsini pis qarşılamadığını qeyd edib: “Hər kəsin öz fərqli zövqü var. Bu cür hallar məni qıcıqlandırmır. Artıq mən bu cür hallara öyrəşməliyəm”.
Təmsilçi deyib ki, onun tapşırıqla seçilməsi barədə yayılan söz-söhbətlərin heç biri həqiqətə uyğun deyil: “Mən öz gücümlə bu səviyyəyə gəlib çatmışam. Bundan sonra da öz gücümə əminəm və yüksək nəticə qazanacağıma inanıram”.
Qeyd edək ki, Səfurə Əlizadə Azərbaycanı bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində təmsil edəcək. Azərbaycan 55-ci “Eurovision” müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübazirə aparacaq. APA
DOSTLARINLA PAYLAŞ: