Səfəvilər dövlətinə aid xalça ermənilərin muzeyində
29 Noyabr 2010 Bazar Ertəsi 01:25
“ANS” əməkdaşları Portuqaliyada olan erməni milyonçunun kolleksiyasında Azərbaycana aid bir çox əsər aşkarlayıb
Ölkəmizə aid bir çox tarixi-milli əsər Azərbaycan nefti hesabına varlanan məşhur erməni milyonçusu Kalust Gülbenktyanın Portuqaliyadakı müzeyindədir. Erməni diasporunun himayəsi və nəzarəti altında olan muzeyin içərisində hər hansı foto və ya video çəkiliş aparmaq qadağan olsa da, “ANS” TV-nin əməkdaşları ilk dəfə içəriyə videokamera ilə daxil olmağa müvəffəq olub. Məlumata görə, muzeydə 6000 sənət əsəri var.

Muzeydə, bu əsərlər sırasında Azərbaycana məxsus nümunələrin olub-olmaması ilə maraqlanan “ANS” TV-nin xüsusi müxbiri Tural Əliyev burada Azərbaycanın Səfəvilər dövlətinə məxsus 16-cı əsrə aid medalyon xalçasını və başqa bu kimi milli dəyərlərimizi aşkarlayıb: “Uzun illərdir axtarışda olan Azərbaycan Səfəvilər dövlətinə məxsus 16-cı əsrə aid medalyon xalçasını biz burada Portuqaliyanın paytaxtı Lissabonda erməni kolleksioner Gülbenktyanın muzeyində aşkarlayırıq. Bu xalçanın üzərində bu sözlər yazılıb- “Təbriz 16-cı əsr, Səfəvilər dövrü””.

Medalyon burada Azərbaycan xalçası kimi deyil, təhrif olunaraq fars xalçası kimi təqdim olunur. Bundan başqa muzeydə böyük əksəriyyəti Səfəvilər dövrünə aid olan bir çox miniatürlər və vaxtilə saraylarda saxlanılan nadir kitablar da var. 1536-37-ci illərə məxsus Sədinin “Gülüstan və Bustan” əsəri, 1540-41-ci illərə məxsus Hafizin divanının orijinalları burada erməni kolleksiyaçının muzeyində aşkarlanıb.

Muzey əməkdaşlarının “ANS”-ə verdiyi məlumata görə, neftdən götürdüyü gəlir faizi ilə “Cənab yüzdə beş” ləqəbi ilə tanınan Kalust Gülbenktyan Osmanlı imperatorluğu dövründə, 1869-cu ildə İstanbulda doğulub, sonradan Qərbi Avropa ölkələrində yaşayıb, Londonda kral kollecində mühəndislik üzrə təhsil alıb, 22 yaşında 1891-ci ildə 1 il neft Bakısında olub.

Muzeyin direktor müavini Nuno Vassallo E Silva erməni milyonçunun Bakı nefti hesabına varlandığını deyib: “Bakıya Transqafqaz səfərinə çıxır. Bakı neft yataqlarında olur, bununla bağlı geniş məqalələr yazır. Bundan sonra bir neçə böyük neft şirkətlərinin yaradılmasında rolu olur və sərvətini bu yolla artırır. Cənab Gülbenkyan hər zaman deyərdi ki, hər şeyin ən yaxşısı mənim üçün kifayətdir. Ona görə ən yaxşı nümunələri kolleksiyasına toplayıb”.

Burada saxlanılan nümunələrin qiyməti yoxdur. Mütəxxəssislər onlara dəyər qoya bilmir. Türkiyəli tədqiqatçıların araşdırmaları üzə çıxarıb ki, 1917-ci ildə çar Rusiyası devrilən zaman Gülbenkyan hakmiyyəti ələ keçirən bolşeviklərin əli ilə Rusiyanın muzeylərindən küllü miqdarda sənət əsərini satın alıb. Əlbəttə ki, o dövrdə Azərbaycan da çar Rusiyasının tərkibində olub. Maraqlıdır ki, Gülbenkyanın şəxsi arxivi indiyədək gizli saxlanılır. Onun ortada olan kolleksiyasının içərisində isə Qədim Misirdən tutmuş, Şərq ölkələrinə, Osmanlı Türkiyəsinə, Çinə, Yaponiyaya qədər gedib çıxan tarixi sənət əsərləri var.

Muzeydə olan “ANS” əməkdaşı binada olan böyük bir zalın bütövlükdə Azərbaycana aid əsərlərə ayrıldığını bildirib. “Bu zal16-cı əsr Azərbaycan Səfəvilər Dövlətinə məxsus kolleksiyalarla doludur”.

Azərbaycanlı tarixçi alimlər də hesab edir ki, bu nümunələrə Azərbaycan sahib çıxmalıdır. Bununla bağlı təxirəsalınmaz araşdırılmalara başlanılmalıdır.

“Bu materialların bilavasitə Azərbaycanla bağlılığı heç bir şübhə doğurmur. Təqdim olunan materialların sənətşünaslıq baxımından tarixi baxımından öyrənilməsinə tədqiqinə onun əlimizdə olan digər materiallarla müqayisələrinin aparılmasına çox böyük ehtiyac var” – deyə tarixçi ekspert Kərim Şükürov bildirib.

Erməni kolleksionerin muzeyinin Lissabonda olmasının səbəbinə gəlincə isə, bu Gülbenktyanın 1942-ci ildə faşistlərin Fransanı tutmasından sonra oradan qaçaraq ömrünün sonuna, 1953-cü ilə qədər sərvətini Portuqaliyaya yerləşdirməsi ilə bağlıdır. Gülbenkyanın adını daşıyan fond isə bu gün erməni diasporunun əsas dayağı hesab olunur. Muzeydə saxlanılan Azərbaycana məxsus bu sənət əsərlərinə sahib çıxmasaq, bu dayaq hələ bizi çox dayaqdan məhrum edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar